Devalvasiya ilə tanış olmaq - TƏHLİL

Devalvasiya ilə tanış olmaq - <span style="color: red;">TƏHLİL
# 20 avqust 2015 10:20 (UTC +04:00)

Əslində ən “can yandırıcı devalvasiya”nı Süleyman Dəmirəlin 1980-ci ildəki qısa ömürlü azlıq hökuməti etmişdi; baş nazirin icra aparatının rəhbəri Turqut Özalın hazırladığı və azlıq hökumətinin 24 yanvar 1980-ci ildə Məclisdən keçirdiyi islahatlar proqramının əsas tərkib hissəsi olan 100%-lik devalvasiya xalqı çaşbaş salsa da, 12 sentyabr hərbi çevrilişi diqqətləri başqa nöqtələrə yönəltmiş və hərbi xunta hökumətində baş nazirin müavini vəzifəsinə gətirilən T. Özal iqtisadiyyatın liberallaşması istiqamətindəki islahatlarını müqavimətsiz şəkildə davam etdirmişdi. Özalın Ana Vətən Partiyası hökumətləri dövründə açıq və ya gizli şəkildə devalvasiya edilirdi; baş nazirin iqtisadiyyata cavabdeh müavini Əkrəm Pakdəmirlinin sonralar verdiyi bilgiyə görə, hökumət daima “valyuta məzənnəsi qayçısını” türk lirəsinin zəifləməsi istiqamətində işlədirmiş. Mehmet Barlasa verdiyi müsahibələr silsiləsində (ölümündən sonra kitab şəklində çap edildi) T. Özal baş nazir olduğu dönəmdəki inflyasiyanın səbəbini “infrastuktur investisiyaları üçün aldığı xarici borclara” bağlayaraq, “Yol, liman, telekommunikasiya yatırımları olmadan ölkəyə əcnəbi sərmayə çəkmək mümkün deyil. O yatırımlar təbii şəkildə inflyasiyanı gücləndirir, inflyasiya təbii olaraq devalvasiyanı özü ilə gətirib-gəlir. Yatırımlar başa çatandan sonra inflyasiya da təkxanəli rəqəmə düşəcək, devalvasiya da minimal həddə enəcək” - deyə atdığı addımları müdafiə etmişdi.

1990-cı illəri BVF-yə borclanma ilə keçirən Türkiyə, böyük ölçüdə o borclara bağlı olaraq xroniki hala gələn inflyasiya və devalvasiyanın öhdəsindən gələ bilmədi. Qısa ömürlü hökumətlər dönəmində xəzinənin 130%-lə borclanması heç kimi narahat etmirdi, hər nazirin tabeçiliyində bir bankın olduğu o günləri yaxşı xatırlayıram. Özalın aldığı kreditlər silsiləsi Dəmirəl-Çillər-Məsut Yılmaz tərəfindən davam etdirildi, balqabaq Ecevitin başında partladı. BVF-nin Türkiyə təmsilçisi, italiyalı iqtisadçı Carlo Cotarellinin gününü Ankaranın kababxanalarında keçirdiyi 2000-ci ildə bank sistemindəki qırılğanlıq əvvəlcə “Dəmirbank”ı vurdu; 19 fevral 2001-ci ildə isə baş nazir Ecevit, Çankaya iqamətgahındakı iclası yarımçıq tərk edərək keçirdiyi mətbuat konfransında “Prezident Sezərin ona qarşı nəzakətdən kənar hərəkət etdiyini” açıqlayınca bank böhranı iqtisadyiyyatı iflic etdi. O vaxta qədər valyuta bazarını “forward” üsulu alış-satışlarla tənzimləməyə çalışan Mərkəzi Bank məzənnəni dalğalanmaya buraxınca nəticə 200%-lik devalvasiya oldu. Xəzinəsinin təminatıyla Türkiyə sadəcə “Ziraat” və “İş” bankları vasitəsiylə xaricdən pul tapa bilirdi; “overnight” faizlərin 7200-yə çatdığı dönəmlər xalq öz qəzəbini küçə yürüşləriylə ifadə edirdi. AKP-nin yaranmasına təkan verən əsas faktorlardan biri o devalvasiya idi.

Devalvasiyanın yaratdığı ağır təxribatın izləri bu və ya digər dərəcədə silinmədən erkən seçkiyə gedilməsi 3 noyabr 2002-ci ildə AKP-nin təkbaşına iqtidara gəlməsinə səbəb oldu. “Molla Nəsrəddin” jurnalının yarandığı siyasi mühiti xatirələrində təsvir edən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” - deyir. Tayyib Ərdoğanı və AKP-sini isə Türkiyədəki devalvasiyalar silsiləsi yaratmışdı. Mərkəzi Bankın o vaxtkı prezidenti Qazi Ərçəl, məzənnənin dalğalanmaya buraxılacağını bildiyi üçün bir gecə əvvəl aşağı məzənnəylə 50 min dollar almışdı, işin üstü açılan kimi Ərçəl həm vəzifəsindən istefa verdi, həm ucuz məzənnəylə aldığı 50 min dolları banka qaytardı. O vaxt dolaşan söhbətlərə görə, işi ehtiyatlı tutan AKP bir vaxtlar Tayyib Ərdoğanın da dileri olduğu “Ülker” şirkətlər qrupu vasitəsyilə 4 noyabr 2002-ci ildə bazara 3 milyard dollar “enjektə” etmişdi; məqsəd “valyutanın temperaturu”nun yüksəlməsini əngəlləmək idi. İqtidarın ilk dönəmində həyata keçirdiyi islahatlar nəticəsində AKP hökuməti dünya maliyyə bazarından ölkəyə önəmli miqdarda investisiya çəkə bildi. 19 fevral 2001-ci ildə ölkəni sarsmış iqtisadi böhrandan xilas olmaq üçün baş nazir Ecevitin Dünya Bankından dəvət etdiyi Kamal Dərvişin iqtisadi proqramını AKP hökumətinin iqtisadiyyata cavabdeh gənc dövlət naziri Əli Babacan qüsursuz şəkildə həyata keçirə bilmiş, özəlləşdirmələr nəticəsində dövlət zərər edən və ya etməyən müəssisələrin hamısını əlindən çıxarmış, alkoqol, tütün, benzinə qoyulan yüksək vergilər hökumətin mövqeyini daha da gücləndirmişdi. İqtidarın ikinci dönəmində isə (2007-2011) hökumətin ərəb sərmayəsini məharətlə ölkəyə çəkə bilməsi nəticəsində dünya maliyyə böhranı bank sistemini sarsıda bilməmişdi.

Ərdoğanın devalvasiya ilə tanış olması

AKP iqtidarının ilk iki dönəmində Mərkəzi Bankın muxtar mövqeyi qorunduğu kimi, bankın yürütdüyü pul siyasətinə də hökumətin müdaxiləsi müşahidə edilmədi. Baş nazir Ərdoğan və iqtisadiyyata cavabdeh o vaxtkı dövlət naziri Zəfər Çağlayının “İxracatı gücləndirmək üçün valyuta kursunda müəyyən dərəcədə devalvasiya edilməsi”nə dair açıqlamalarına Mərkəzi Bankın prezidentləri Sürəyya Sərdəngeçdi və Durmuş Yılmaz (2011-ci ildə vəzifə müddəti uzadılmayınca prezident Abdullah Gülün baş müşaviri vəzifəsinə təyin edilən Yılmaz, 7 iyundakı seçkidə Milliyyətçi Hərəkat Partiyasından Uşak millət vəkili seçildi) müsbət reaksiya verməyib “sıx pul siyasəti”ndən vaz keçmədilər. Ərdəm Başçının Mərkəzi Bankın prezidenti vəzifəsinə gəlməsiylə faizlərin aşağı çəkilərək valyuta məzənnəsində bir miqdar devalvasiya edilməsi üçün baş nazir Ərdoğanın, Başçıya açıq şəkildə çağırışıar etdiyinə şahid olduq. Ərdəm Başçı “Mərkəzi Bankı siyasi iqtidarın təsiri altına salan” prezident kimi tənqid edilməyə başlansa da, Əli Babacanın koordinatorluğundakı Xəzinə-Mərkəzi Bank cütlüyünün ahəngdar əməkdaşlığı 2014-cü ilin yayına qədər valyuta məzənnəsinin sərt devalvasiyalara məruz qoyulmasını əngəllədi.

Prezident seçiləndən sonra Ərdoğanın pul siyasətini tənzimləyən qurumların işinə müdaxilə etməyəcəyi düşünülsə də, proqnozlar yanlış çıxdı. Uzun müddət faizləri çox aşağıda saxlayan Mərkəzi Bank 2014-cü ilin əvvəllərində dünyadakı trendlərin də təsirini nəzərə alaraq təxminən 100%-lik faiz artımına getmişdi. Bu durum ilk gündən baş nazir Ərdoğanı qane etməsə də, təxminən 10 ay Mərkəzi Bankın faiz siyasətinə qarışmamışdı. İqtisadiyyata dair müşavirlərinin və böyük dəstək gördüyü inşaat sektorunun təsiri altında qalan prezident Ərdoğanın keçən ilin axırı-bu ilin əvvəlindən etibarən Mərkəzi Bankı faizləri aşağı çəkməyə dəvət etməsi gəlişmələrə paralel şəkildə türk lirəsinin dəyər itirməsinə səbəb oldu. Təxminən 1 il əvvəl Mərkəzi Bankın prezidenti Ərdəm Başçının ilin axırında 1 ABŞ dollarının 1.92 Türk lirəsinə bərabər olacağına dair proqnozu 15 faiz fərqlə tutmadı. İlin əvvəlindən bəri Ərdoğanın Mərkəzi Banka qarşı ittihamları isə devalvasiyanı təxminən 25%-lərə çəkdi. Prezidentin açıq təzyiqi nəticəsində Ərdəm Başçının istefa xəbəri yayılsa da, ardınca istefanın qarşısının Əli Babacan tərəfindən alındığı xəbəri gəldi.

Türkiyə 7 iyundakı seçkiyə milli valyutası 1 il əvvəl ilə müqayisədə təxminən 25% dəyər itirərək getsə də, yay aylarında turizmdən gözlənilən valyuta gəlirini daha ciddi devalvasiyanın qabağını alacağına dair ümid həmişəki kimi vardı. Ancaq evdəki hesablar bazara uyğun gəlmədi və Mərkəzi Bankın bazara ucuz valyuta satma siyasətindən geri durmasına daxildəki siyasi, bölgədəki hərbi, dünyadakı iqtisadi faktorlar əlavə olunca türk lirəsinin son günlərdəki sürətli devalvasiyasının qarşısını almaq mümkün olmadı. Prezidentin baş müşaviri Cəmil Ərtəmin “dollar 3 türk lirəsi olsa da, bunu normal qarşılamaq lazımdır” - açıqlaması da Tayyib Ərdoğanın çox sevdiyi “aşağı faiz” siyasəti üzərində təkidlə davam edəcəyini göstərməkdədir. Yaxşı tanıdığım Ərtəmin açıqlaması isə prezidentlə işləyən bir şəxsin ilk dəfə iqtisadiyyata dair konkret bəyanatı kimi tarixə keçdi.

Görünür, bundan sonrakı dönəmdə Tayyib Ərdoğanın “xalqın seçdiyi prezident” titulunu səbəb göstərərək valyuta bazarını tənzimləmə cəhdlərinə də tez-tez şahid olacağıq. Bunun Türkiyəyə gətirəcəyi haqq-hesabı indidən hesablamaq mümkün deyil. Ancaq 13 illik iqtidarı dönəmində Tayyib Ərdoğanın ilk dəfə ciddi şəkildə devalvasiya problemiylə üz-üzə qaldığı açıq-aşkardır.

İnsan xatırlamadan keçə bilmir: bəli, 13 il qabaq onu devalvasiya gətirmişdi...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR