Requiem pour Suleymanoglu

Requiem pour Suleymanoglu
# 21 noyabr 2017 10:11 (UTC +04:00)

Bilmişiz kim mülki-aləm kimsəyə qılmaz vəfa

Ol zamandan kim onu mülki-Süleyman bilmişiz

Məhəmməd Füzuli

Uzaqdan gəlişlərini görmək insanın özünə güvənini təzələməsi üçün kifayət edirdi: biri Tarık abi idi (Akan), o biri Naim Süleymanoğlu.

Rəbbim sanki təvazökarlığın hamısını Naimə vermişdi.

Dünya Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti ikən tanış olmuşduq.

Siyasəti çox sevirdi - 2004-cü ildə həmyerliləri olan Balkan mühacirlərinin çoxluqda yaşadığı İstanbulun Kıraç bölgəsindən bələdiyyə başqanlığına namizəd olmuş, seçilə bilməmişdi. Devlet Bahçelinin MHP-si indiyə qədər İstanbulun 39 rayonunun hansının bələdiyyəsində qalib gələ bilmişdi ki, Naim Süleymanoğlu da Kıraçda seçilsin?

Bələdiyyə başqanı olmasa da, Naim Süleymanoğlu həmyerlilərinin xeyrinin-şərinin birindən də qalmazdı. Hər dəfə maşından enib bizə tərəf gəldiyini görəndə dostumuz Hamid deyirdi ki, başqan yenə qızıl bilərzik alacaq, ya nişan, ya toy var.

Hamidin və mənim “Başqan”ımız heç vaxt bizi yanıltmırdı: çox vaxt bir neçə bilərzik alır, ayaqüstü söhbət edəndən sonra “Bunları yerlərinə çatdırmalıyam”- deyib “Mercedes”inə tərəf gedirdi. Və hər dəfə Hamidlə onu maşım uzaqlaşana qədər süzüb əsalətini qibtəylə izləyirdik.

2007-ci ilin iyulundakı seçkidə Bahçelinin MHP-si Naim Süleymanoğlunu İstanbulun 3-cü bölgəsindən 7-ci sırada namizəd göstərdi (ilk sırada Meral Akşener, ikinci sırada Atilla Kaya, üçüncü sırada mandatını görə bilmədən avtomobil qəzasında həlak olan professor Cihat Özönder ağabəyimiz vardı). Naim 7-ci sıradan seçilməyəcəyini bildiyi halda seçki təbliğatından çəkilməyərək Devlet Bahçelinin MHP-sinin reytinqinin bir az da olsa, yüksək çıxması üçün can-başla çalışdı. Təbliğat dönəmində müsahibə almış, nəinki Türkiyənin, Türk dünyasının problemlərini dərindən bilməsinə heyran qalmışdım. O seçkidən sonra Naim Süleymanoğlu bir daha siyasətin olduğu yerə baş çəkmədi...

1986-cı ildə Türkiyənin Melburn (Avstaliya) səfirliyinə sığınan Naim Süleymanoğlu təkcə özündən 3 dəfə ağır “ştanqı” qaldırmamışdı, dünyanın, yer kürəsinin tamamını ayağa qaldırmışdı. Baş nazir Özalın Bolqarıstan hökumətinə 1 milyon dollar verərək Naimə 1988-ci ildə Melburn olimpiadasında iştirak hüququ alması ona və Türkiyəyə olimpiadanın qızıl medallarının yolunu açmaqla qalmayıb, Süleymanoğlunu tarixin ən güclü ağır atleti yapmışdı. Naim Melburndan qayıdanda mərhum Aydın Məmmədov da Ankaradaydı.

“Necə qarşıladınız?”

“Özalın özünün verdikləri-verəcəkləri bir tərəfə, Semra xanıma dedi ki, əlini çantana at, görək, çempiona verməyə sənin nəyin var?” - Aydının yadında bu qalmışdı.

O vaxtın rus mətbuatının Naimi “xəyanət”lə suçlaması bizim milli duyğularımızı daha da itiləmişdi. Naimin Türkiyəyə qaçırılmasının türklərin Bolqarıstandan qovulmasına kumulyativ təsir edib-etmədiyini bilməsəm də, Lili İvanovanın Lenin sarayındakı konsertinin ləğv edilməsində Əbülfəz bəyin sarayın qabağındakı çıxışının birbaşa təsiri olduğuna şahidəm.

Türklərin Bolqarıstandan qovulmalarını, Özalın onlara qucaq açmasını çox yaxından izləmişdik. O hadisələrdən bir neçə il sonra Mehmet Barlasa silsilə müsahibələr verən prezident Özal, baş nazir olduğu vaxtda türklərin Bolqarıstanda qalmaları üçün apardığı mübarizədə xarici işlər naziri Mesut Yılmazın onu tək qoymasından şikayətlənəcəkdi.

Sovetlərin dağılması prosesində didərginliyin zərbəsini türk qövmlərinin hamısı görsə də, Bolqarıstan Türklərinin taleyi bir gerçəyi də gün işığına çıxardı: sən demə, Bolqarıstan türklərində milli özünüdərkin səbəbkarı biz Azərbaycan türkləriymişik. İkinci dünya müharibəsindən sonra Moskvanın bizdən seçərək Bolqarıstanın türk bölgələrinə göndərdiyi müəllimlər Osmanlı imperiyası vaxtından unudulmağa tərk edilmiş o bölgələrdəki insanlara türk olduqlarını başa salıbmışlar. Bəlkə Naim Süleymanoğluyla, daha sonra Durhan Hatipoğluyla, Nihal ilə, Nahidə ilə, Rəcəb abiylə bu qədər səmimi olmağımızın pərdə arxasında o təhtəlşüurun silinməz izləri yatırmış?

Bəlkə Naimi məzara qoyandan sonra anasını görər-görməz gözlərimdən axan yaş da Bakının Kırcaalidə oyandırdığı o genetik hafizənin eşiyə vurmasaydı?

Anasının sağıcı işlədiyi kolxozun sədri 6 yaşına qədər Naimin də anasıyla gəlib-getdiyini danışanda göz yaşlarımı saxlaya bilməməyimin səbəbi də o olmasın?

Bəs 8 sinfə qədərki müəlliminin Naim barədə danışdıqlarını dinləyərkən göz yaşımın yanaqlarımı islatmasına nə deməli?

Mənim deyəcəyim söz yoxdur, həm də ona görə ki, Naimin məzarı başında o qədər ağlaya bilmə xoşbəxtliyini yaşadım.

Heç kim öküzün altında buzov axtarmasın, arkadaş. Naim Süleymanoğlu Türkiyənin insanlarından çox fərqliydi.

İnsan elə fərqli olanda böyük olmurmu?

Böyük qaldın, Naim Süleymanoğlu...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR