Rusiyanın Suriyaya hərbi dəstəyi: ikinci Əfqanıstan ehtimalı?

Rusiyanın Suriyaya hərbi dəstəyi: ikinci Əfqanıstan ehtimalı?
# 22 sentyabr 2015 13:05 (UTC +04:00)

Rusiyanın Əsəd hökumətinə hərbi dəstəyi, bundan sonra da hərbi yardımları davam etdirəcəyi barədə bəyanatları dünya mediasının gündəmini zəbt edib.

Bu məsələ ilə bağlı bir sıra suallar ortaya çıxır: Rusiya niyə Suriyaya hərbi dəstək verir və ya bu ölkə ərazisində hərbi kontingent yerləşdirmək istəyir? Yaxud iddiasına rəğmən Moskva bu addımı atmaq iqtidarındadırmı?

Mətnin xülasəsi
Bu planı gerçəkləşdirəcəyi təqdirdə Rusiyanı nələr gözləyir? İkinci Əfqanıstanmı?

Birinci sualın cavabı çoxlarına məlumdur. Qərb və ərəb dünyası region, xüsusi ilə də Rusiya üçün təhlükə hesab edilən "İraq-Şam İslam dövləti" (İŞİD) terrorçu qruplaşması ilə mübarizə aparmaq gücündə deyil, ya da İŞİD-lə bilərəkdən mübarizə aparmaq istəmir. İŞİD-in fəaliyyətinin Qərbin regiondakı siyasətinə xidmət etməsi iddiaları getdikcə ağırlıq qazanır. Söhbət Bəşər Əsəd hakimiyyətinin devrilməsi cəhdlərindən gedir. Bölgənin önəmli dövlətlərindən olan İran da İŞİD-lə mübarizə aparmaq imkanına malik deyil. Bu səbəbdən də Rusiya son vaxtlar Əsəd hakimiyyətinə dəstəyini gücləndirib. Rəsmi Moskva Suriyaya İŞİD təhlükəsindən müdafiədə birinci müdafiə xətti-cəbhə kimi baxır. Həmin müdafiə xəttini Rusiya və Aralıq dənizi müdafiə xətti də adlandırmaq olar. Buna səbəb qara bayraqlı İŞİD təhlükəsinin həmin regiondan kənara sıçramasının qarşısını almaqdır. Rusiya əlindən gələni etməyə hazırdır ki, İŞİD təhlükəsi elə Suriya torpaqlarında sovuşsun, Tacikistanda, Özbəkistan İŞİD inqilabı olmasın. Potensial təhlükələr sırasına Rusiyanın müsəlman regionlarında İŞİD inqilabı ehtimalını da əlavə etmək olar. Tacikistanda baş verən son olayların dərhal yatırılması, Kremlin bu hadisəyə adekvat reaksiyası Moskvanın bu təhlükəni daim nəzarətdə saxladığının göstəricisidir. Əfqanıstanla daha "yumşaq" sərhədlərə malik Orta Asiya ölkələrində, xüsusi ilə Tacikistan və Özbəkistanda İŞİD inqilabı təhlükəsinin yaşanması üçün bır qığılcım kifayətdir. Moskva bu qığılcımın Əfqanıstandan həmin regiona düşə biləcəyindən son dərəcə ehtiyatlanır.

İkinci sualın cavabına gəldikdə isə burada iki fərqli fikir mövcuddur. Rəsmi açıqlamaya görə, Rusiya Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarələri ilə Suriyanın Latakiya hərbi aerodromuna yalnız humanitar yüklər daşınır. Müdafiə Nazirliyi bu yüklərin müharibədən əziyyət çəkən əhali üçün qidadan və zəruri əşyalardan ibarət olduğunu açıqlayıb.

Digər mənbələr isə Suriyaya təkcə humanitar yardımın deyil, eyni zamanda hərbi-texniki yardımın göstərildiyini, hərbi mütəxəssislərin və döyüşlərdə hökumət qüvvələri tərəfindən iştirak edəcək xüsusi təyinatlıların göndərildiyini bildirirlər. Rusiya XİN sözçüsü Mariya Zaxarova Suriyaya hərbi dəstəyin verilməsi xəbərinin yeni olmadığını, Rusiya hərbçilərinin Sovetlər İttifaqı dövründən Suriyada mövcud olduğunu deyib. Bu açıqlama Suriyaya hərbi-texniki yardım edildiyini təsdiqləyir, o cümlədən İŞİD-ə qarşı Rusiya hərbçilərinin döyüşməsi və ya döyüşəcəyi ehtimalını artırır. Rəsmi Moskva əlbəttə ki, bunu inkar edir, lakin bununla yanaşı müəyyən şərtlərdə Suriyaya qoşun yeridə biləcəyinə də işarə vurur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyada Rusiya qoşunlarının hərbi əməliyyatlara qatılması ilə bağlı sualı belə şərh edib: "Əgər prezident Bəşər Əsəd tərəfindən ikitərəfli əlaqələr və ikitərəfli dialoq çərçivəsində müraciət olacaqsa, əlbəttə ki, bu məsələyə baxılacaq".

“Suriyaya qoşun yeridəcəyi təqdirdə Moskvanı nələr gözləyir” sualına cavab təbii ki, Qərbin bu ölkəyə iqtisadi-maliyyə sanksiyalarını sərtləşdirməsindən ibarət deyil. Sözsüz ki, Qərb Moskvanın bu fəaliyyətini tənqid edir, onu sanksiyalar və təcridetmə ilə hədələyir. ABŞ və Avropa İttifaqı Rusiyanı Suriyadakı vəziyyətə özbaşına müdaxilə etməkdə günahlandırır. Lakin Kremlin buna tutarlı arqumenti var. Belə ki,Rusiya Suriyaya qoşun yeridəcəyi təqdirdə, bu addımı Suriyanın qanuni hökumətinin icazəsi və dəstəyi ilə edəcəyini bildirəcək. Qərb Bəşər Əsədi legitim prezident saymasa da, Suriyada ondan başqa qanuni hakimiyyətin sahibi mövcud deyil. Ölkəsində hərbi əməliyyatların aparılmasına yardım etmək üçün xarici ölkənin qoşunun yeridilməsinə ancaq Bəşər Əsəd razılıq verə bilər. Bu baxımdan Rusiyanın arqumenti çox güclüdür. Ona görə də Qərbin Rusiyanın özbaşınalıqda günahlandırılmasının heç bir əsası yoxdur. Əksinə Rusiya Qərb ölkələrini bu arqumentlə günahlandıra bilər.

İkinci əsas məsələ, Qərbin bilərəkdən Rusiyanı Suriya bataqlığına itələməsidir. Əfqanıstan Sovetlər İttifaqının sonunu necə yetişdirdirsə, Suriya da müasir Rusiyanın sonunu yetişdirə bilər. Bu gün Rusiya İŞİD-i öz milli təhlükəsizliyi üçün real təhlükə sayır. İŞİD-in fəaliyyəti Rusiya Federasiyası ərazisində qanunla qadağan olunub. Təşkilatın adı terrorçu təşkilatlar siyahısına daxil edilib. Rusiyanın bu günə qədər İŞİD-ə qarşı atdığı addımlar yalnız bundan ibarətdir. İŞİD də öz növbəsində Moskvanı terror hücumları ilə hədələyir və bu hücumları Şimali Qafqazdan olan İŞİD üzvləri vasitəsilə həyata keçirəcəyini bildirir. Lakin Rusiyanın İŞİD-lə Suriya ərazisində açıq müharibəyə girməsi bu terrorçu təşkilatın Rusiya sərhədləri daxilində hansı fəaliyyətə əl atacağı sualını ortaya qoyur. Suriyaya qoşun yeridərək İŞİD-ə qarşı döyüşəcək Rusiyanı öz ərazisində terror aktlarından heç kim sığortalamır. İkinci məsələ isə Rusiya qoşunlarının Suriya əhalisi tərəfindən necə qarşılanmasıdır. Suriyalıların rusları dostcasına qarşılayacağına heç kim zəmanət verə bilməz. Ruslar ən azı acı Əfqanıstan təcrübəsindən buna şahiddirlər. Nəzərə alsaq ki, Əfqanıstanda ruslara qarşı döyüşən Talibanla Suriyada İŞİD-in ideoloji xətti eynidir, Moskvanın ikinci Əfqanıstanla qarşılaşacağı ehtimalı çox böyükdür.

Fərid Əkbərov, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR