Türkiyədə 65-ci hökumət yola çıxarkən... - TƏHLİL

Türkiyədə 65-ci hökumət yola çıxarkən... - <span style="color: red;">TƏHLİL
# 31 may 2016 08:59 (UTC +04:00)

1. İkihakimiyyətliliyin sona çatması

...Mənzərə 1917-ci ilin Rusiyasındakı fevral-oktyabr dönəmini xatırladırdı: o dönəmin Rusiyasında olduğu kimi, 2015-ci ilin noyabrından bu il mayın 5-nə qədər Türkiyədə də ikihakimiyyətlilik mövcud idi. Qüvvədə olan Konstitusiyaya görə, icra orqanının başında duran Əhməd Davudoğlunun hökumətinin paralelində prezident Ərdoğanın Beştəpə iqamətgahında qurduğu “baş müşavirlər ordusu” alternativ hökumət kimi fəaliyyət göstərirdi. Bu durum mütləq şəkildə dəyişəcəkdi - ha zəlzələdən, ha vəlvələdən - bunun uzun müddət davam etməsinə inanmaq siyasət müntəxəbatının əlifbasından bixəbər olmaq demək idi.

İkihakimiyyətlilik durumuna prezident Ərdoğanın son qoyması çılpaq məntiqin tələb etdiyi gerçəklik idi və cənab Ərdoğan bunu hökumətə birbaşa müdaxilə ilə yox, məsələn, Nikita Xruşşovun devrildiyi örnəkdə olduğu kimi, partiya içindən yapdı: 5 mayda felən sona çatan ikihakimiyyətlilik Tayyib Ərdoğanın qurucusu olduğu AKP-nin 22 maydakı qurultayında formalitəsini də tamamlayaraq tarixə gömüldü. Xüsusilə, 27 may 1960-cı il hərbi çevrilişindən sonra ordunun paralel hakimiyyət kimi fəaliyyət göstərdiyi və kefi istəyəndə siyasi hakimiyyətə əl qoyduğu Türkiyədə ilk dəfə iki siyasi hakimiyyət təxminən 6 ay paralel şəkildə mövcud oldu, fəaliyyət göstərdi və hərbi yox, siyasi müdaxiləylə ömrünü tamamladı. 10 avqust 2014-də xalq tərəfindən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrarladığı “artıq feili prezident üsuli-idarəsi var” - postulatı “de fakto” təsdiqini də tapmış oldu.

5 may günündən başlayaraq Türk siyasi həyatının təməlinə prezidentlik sisteminin hüquqi daşları döşənməyə başlandı...

2. Ərdoğan Binali Yıldırıma vəfa borcunu ödədi

Abdullah Gülün 18 noyabr 2002-ci ildə qurduğu 58-ci hökumətdə nəqliyyat naziri vəzifəsinə təyin edilən Binali Yıldırım kreslosunu daha sonra Tayyib Ərdoğanın qurduğu üç hökumətdə də qorudu. Statistikaya baxanda Binali Yıldırımın böyük uğurlar qazandığını görürük. AKP iqtidarının üçüncü dönəminin finişinə çatmağa üç nazirin - Əli Babacan, Bəşir Atalay və Binali Yıldırımın nəfəsi çatmışdı. Ancaq Ərdoğanın təkidiylə Binali Yıldırım 2013-cü ilin dekabrında nazir kreslosunu tərk edib İzmir metropol bələdiyyə başqanlığına namizəd olmaq məcburiyyətində qaldı. İzmirdən seçilə bilməyəcəyini özünün də (bəlkə hörmətli Ərdoğanın da) bilməsinə rəğmən Binali Yıldırımın namizədliyə razılıq verməsi Ərdoğan üçün yapdığı çox böyük fədakarlıq idi. Namizədliyinin açıqlanmasından bir neçə gün əvvəl ətrafdakıların eşitməyəcəyi şəkildə verdiyim “İzmirə getmək istəmədiyiniz açıq-aşkar görünür. Görmək istəyib də, görə bilmədiyiniz hansı işlər qaldı?” - sualına cavab verməzdən əvvəl üzümə baxmış, sonra gözünü uzaqlara tikərək “O qədər iş gördüm ki” - deyə nisgilli bir cavab vermişdi. 30 mart 2014-dəki bələdiyyə seçkisində bələdiyyə başqanı seçilə bilməsə də, bələdiyyə başqanlığının AKP-yə keçməsini Tayyib Ərdoğanın çox istədiyi İzmirdə partiyasının reytinqini artıran Binali Yıldırım nəfəsini dərmədən prezident kreslosu uğrunda yarışda Tayyib Ərdoğanın ən yaxınlığındakı yerini alaraq təbliğat dönəminin əsas ağırlığını çiyinlərinə almışdı. Ərdoğan prezident seçilən kimi, baş müşavir vəzifəsinə təyin etdiyi ilk adam isə Binali Yıldırım idi. Prezidentin Beştəpə iqamətgahında olmasına baxmayaraq, Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyi üzərində Binali Yıldırımın nüfuzunun davam etdiyini yaxşı bilirdim. Məsələn, 30 avqust 2015-də Beştəpə iqamətgahındakı Zəfər bayramı ziyafətində Binali bəydən Bakı-Tiflis-Qars dəmir yolunun aqibətini soruşmuşdum, problem olduğunu qısa müddət əvvəl öyrəndiyini, hər şeyi öz nəzarətinə aldığını və yaxın gələcəkdə problemlərin aradan qaldırılacağını bildirmişdi. AKP-nin 12 sentyabr 2015-ci ildəki qurultayı ərəfəsində Binali Yıldırımın Əroğanla yaxınlığına yaxşı bələd olan Əhməd Davudoğlu, Yıldırımın adını Mərkəzi Qərar və İcra Şurasının (MKYK) siyahısına daxil etmək istəməyincə Binali bəy bir neçə saatda 1200 qurultay nümayəndəsindən 900-nün imzasını alaraq sədrliyə namizəd olacağını mətbuat üzərindən Davudoğluna çatdırmış, Yıldırımı MKYK siyahısına daxil etməkdən başqa Davudoğlunun heç bir alternativi qalmamışdı. 23 ay nazir kreslosundan uzaq qalan Binali Yıldırıma 1 noyabrdakı seçkidən sonra baş nazir Əhməd Davudoğlunun başqa nazirlik təklif etməsinə baxmayaraq, təklifi qəbul etməyib nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyinə yenidən qayıtması da Yıldırımın “ən yuxarılardakı” etibarının göstəricisi şəklində dəyərləndirilmişdi.

Baş nazirliyinin ilk günlərindəki ifadələri Binali Yıldırımın fəaliyyətinin “texniki səviyyədə” qalacağını, yəni onun keçmişdə olduğu kimi, yenə böyük infrastruktur layihələrini həyata keçirəcəyini göstərir. Yaxşı bildiyi bu sahələrdəki səlahiyyəti çox genişlənsə də, baş nazir Yıldırım prezident tərəfindən cızılmış “texniki səviyyəli cizgi”dən kənara çıxmağı, deyəsən, həm özü istəmir, həm də 65-ci hökumətin başçısı prezidentlə aralarında olan “centlmenlik sazişi”ni pozmağa həvəsli bir şəxsiyyət təsiri bağışlamır. Şəxsi dostluqları, mübarizə yoldaşlıqları bir tərəfdə dursun, Binali Yıldırımı baş nazir təyin edən prezident Ərdoğan “real siyasət”in gərəyini yerinə gətirmişdir; seçilə bilməyəcəyi hamıya məlum olduğu halda, İzmir bələdiyyə başqanlığına namizəd olmağı Ərdoğanın təkidiylə qəbul edən Binali Yıldırım bu dəfə Ərdoğan tərəfindən baş nazir kreslosuyla mükafatlandırıldı.

3. Mehmət Şimşəkin iqtisadiyyatın koordinatorluğunu buraxmasından qorxdular

Əli Babacandan sonra iqtisadiyyata cavabdehlik edən baş nazirin müavini Mehmet Şimşəkin “iqtisadiyyat, təhsil, hüquq sahələrində islahatların qaçılmazlığına” vurğu yapması həm türk bazarının aparıcı oyunçularını, həm də beynəlxalq maliyyə qurumlarını məmnun etsə də, enerji naziri Bərat Albayrak, prezidentin baş müşavirləri Yiğit Bulut və Cəmil Ertemin başında durduğu qrup “aşağı səviyyəli faiz siyasəti yürüdəcək milli profilli Mərkəzi Bank” və “milli iqtisadiyyat” “dirəmələrindən” vaz keçməyincə, bazardakı narahatlıq yeni hökumətin tərkibinin açıqlanması ərəfəsində “kəllə-çarxa” vurdu, valyutanın ildırım sürətiylə yüksələn məzənnəsini Şimşəkin öz kreslosunda qaldığını görəndən sonra cilovlamaq mümkün oldu. (AKP qurultayı ərəfəsində “Sözcü” qəzetinə verdiyi qısa açıqlamanı oxuyan hər kəs Mehmet Şimşəkin bu şərtlərdə qalmayacağını sezmişdi). “Milli” kriteriyasını hökumətə və bazara dirəməyə çalışan qrup, görünür, Şimşəkin gedişinin yaradacağı “turbulansı” idrak edərək onun qalmasını qəbul etdi. İndi iqtisadi paradiqma baxımından 65-ci hökumətin (təbii ki, Mehmet Şimşək babında) qarşısında duran əsas sual bundan ibarət olacaq: islahatlara hansı istək və sürətlə davam ediləcək? Edilməzsə, son hökumətin tərkibinin açıqlanmasından əvvəl, onsuz da çamadanı hazır olan Şimşək gedəcəkmi, qalacaqmı?

4. AB ilə münasibətlər: budəfəki “baş münaqişəçi” Ömər Çelikdir

Avropa Birliyi Nazirliyi Egemen Bağış üçün yaradılmışdı, Türkiyə ilə AB arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq Egemen Bağışın kağız üzərindəki əsas məqsədi olsa da, onun dönəmində müzakirələr tamamilə dondurulunca, nüfuzlu qəzetçi-yazar Səlahəddin Duman Egemen Bağışın epitetini müəyyənləşdirmişdi: ”AB ilə baş münaqişəçimiz”.

Rza Zərrab hadisəsinin yaratdığı sunamidə Egemen Bağışın istefasından sonra onun yerinə gələn və Avropanı daha yaxşı tanıyan Mövlud Çavuşoğlunun 8 aylıq dönəmində də vəziyyət dəyişmədi. Ta ki Əhməd Davudoğlu 28 avqust 2014-də qurduğu hökumətdə Türkiyənin AB-dəki keçmiş təmsilçisi, AKP İstanbul millət vəkili Volkan Bozkırı AB naziri vəzifəsinə gətirənə qədər. Davudoğlu ilə Bozkırın 20 aylıq birgə fəaliyyəti müddətində soyuducuya qoyulmuş müzakirə qovluqları yenidən masaların üstünə gəldi, müzakirə bazarı hərəkətləndi. AB ilə müxtəlif məzmun və formatlardakı müzakirələrə prezident Ərdoğan da birbaşa müdaxilələr edincə proses yenidən dalana dirəndi. Xüsusilə, Türkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən qaçqınların durumuna AB-nin biganə yanaşması prezident Ərdoğanın ritorikasının çox sərtləşməsinə səbəb oldu ki, bu da onsuz da baş nazir Davudoğlunun olmadığı (və çiyin vermədiyi) bir hökumətdə Volkan Bozkırın tamamilə “öksüz” qalması demək idi. AB ilə münasibətlərdə Davudoğlu və Bozkırın sayəsində yenidən dinamizm qazanan “müzakirə prosesi” yerini “münaqişə prosesi”nə buraxınca səhnəyə Tayyib Ərdoğana çox yaxınlığıyla bilinən Ömər Çelik çıxaraq “baş münaqişəçi” rolunu öz üzərinə aldı.

5. Tək cümlədən ibarət, xülasəqarışıq proqnoz

İkitərəfli asfalt yolları, dəmiryolları, limanlar, aeroport tikintilərinin koordinasiyasının baş nazir Binali Yıldırımda, iqtisadi proseslərin bir qisminin yönləndirmə mexanizmlərinin baş nazirin müavini Mehmet Şimşəkdə, AB ilə “münaqişə”nin Ömər Çelikdə olacağını bir tərəfə qoysaq, bütün proseslərin prezident Ərdoğanın nəzarətində olacağı bir dönəmə girildi...

Mayis Əlizadə,

APA-nın Türkiyə müxbiri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR