Türkiyənin 15 iyuluna gələn yol hardan başladı?-TƏHLİL

Türkiyənin 15 iyuluna gələn yol hardan başladı?-<span style="color: red;">TƏHLİL
# 18 iyul 2016 15:45 (UTC +04:00)

Bir az o tərəfdən

“Relsdən çıxış” kimi görünən ilk addımı 27 aprel 2007-ci ildə baş qərargahın o vaxtkı rəisi, ordu generalı Yaşar Böyükanıt ataraq, planın həyata keçirilməsini təminata aldığı kimi əməkdaşlığın çərçivəsini də müəyyənləşdirmişdi. Böyükanıtın “ordunun dünyəviliyə əbədi bağlılıq” ultimatumu 2.5 ay sonrakı seçkidə iqtidar partiyasının reytinqini 20% artırmaqla qalmadığı kimi, Abdullah Gülün prezident seçilməsinin yoluna asfalt döşəmiş və bəlkə ən əsası- AK Parti ilə Gülən icmasının əməkdaşlığını özü ilə gətirib-gəlmişdi.

Elə isə AKP lideri və baş nazir Ərdoğanın “oldum-olası” Güləni sevmədiyi bəlliydi, əməkdaşlığın hədəfini bu ikilidən çox Vaşinqtonun “Türk ordusunu cəzalandırma” istəyi müəyyənləşdirdiyinə və ikilinin hər ikisi ordudan yanıqlı tərəflər olduqlarına görə, əməkdaşlıq baş tutmuşdu. ”Ordunun diz üstünə gətirilməsi prosesi”ndə Gülən qanadı polisi-prokurorluğu, məhkəməsi-mediası ilə 90%-lik rolu öz üzərinə almaqdan məmnuniyyət duymuşdu.

Türkiyə həmişə çalxantılar ölkəsi olub; bugünkü çalxantının infrastrukturu isə 12 sentyabr 2010-cu ildə keçirilən və ədliyyə orqanlarını tamamilə Gülən icmasının əmrinə verən referendumda döşəndi.

12 iyun 2011-ci ildə AK Partinin təkbaşına iqtidarı növbəti dəfə davam etdirməsindən dərhal sonra (ki, baş nazir Ərdoğan “ustalıq dönəmi” kimi xarakterizə etmişdi) Türkiyə idarə edilməz hala gəldi: səbəbi- terror təşkilatının qanlı aksiyalarına paralel olaraq bu gün Milli Təhlükəsizlik Şurasının sənədlərində və məhkəmə hökmlərində “FETÖ- Fethullahçı terör örgütü” – şəklində yazılan dini icmanın media, polis və məhkəmələr üzərindən “hakimiyyətdən daha çox pay əldə etmək məqsədiylə” seçilmiş hökumətə etdiyi təzyiq idi. 3 iyulda ölkənin ən böyük idman klubunun başqanı Əziz Yıldırım həbs edildi; sentyabrda “Oslo müzakirələri” internetə düşdü; FETÖ-nun 2012-ci ilə sürprizi isə 6 yanvarda baş qərargahın keçmiş rəisi, ordu generalı İlkər Başbuğu “terrorçu” suçlamasıyla həbs etməsi olduğu düşünülərkən 7 fevralda baş kəşfiyyat idarəsinin rəisi prokurorluqda ifadəyə çağırıldı. Baş nazir Ərdoğan o əməliyyatın qabağını çətinliklə olsa da aldı, ancaq FETÖ-nün hökumətə göz verib işıq vermədiyi gün kimi aşkar idi. 17-25 dekabr 2013-cü ildəki əməliyyat cəhdləri isə birbaşa Ərdoğanı və ailəsini hədəfə alınca, Ərdoğan ölkəni bu cür müdaxilələrin kölgəsində idarə etməyin mümkün ola bilməyəcəyinə qərar verib FETÖ-yə qarşı savaş elan etdi...

FETÖ Türk ordusuna nə dərəcədə sıza bilmişdi?

“Balyoz” və “Ergenekon” kimi Türk ordusunu hədəfə almış əməliyyatların bir məqsədinin ordunun ən yüksək rütbəli komandanlarını çıxdaş etməsi olsa da, ikinci hədəfinin FETÖ-nün öz adamlarını oralara yerləşdirmək olduğu da sirr deyildi. Ancaq bu məqsəd “Balyoz” və “Ergenekon” proseslərinin davam etdiyi vaxtlarda çox da bəlli edilmədi. Gülənin ordudakı adamlarının “çevriliş edəcək qüvvəyə malik olması” 5-6 il qabaq sadəcə hərbi prokuror Ahmet Zeki Üçok tərəfindən gündəmə gətirilsə də (buna görə uzun müddət həbsdə qaldı) “Balyoz” və “Ergenekon” hökmlərinin Ali Məhkəmə qərarlarıyla zibilliyə atılmasından sonra “Gülənçi”lərin hərbi çevrilişə cəhd göstərəcəyi proseslərin pərdə arxasını yazan qələmlər tərəfindən tez-tez gündəmə gətirildi. Statistika və təhlillərdəki doğruluq və inandırıcılıq payının yüksəkliyinə baxmayaraq, FETÖ-nün Türk ordusuyla dövlət çevrilişi edə biləcəyi mənə heç vaxt inandırıcı görünmədi. Çünki mərhum professor Yaşar Nuri Öztürkün dediyi kimi, “Allah ağıl verib, məntiq verib”- 700 minlik general-zabit-əsgər statistikasıyla NATO-nun ikinci böyük ordusu özəlliyini daşıyan bir hərbi qurumu bir dini təşkilatın ələ keçirib o orduyla “hərbi çevriliş” etməsini heç bir məntiqin-matematikanın qəbul etməsi mümkün deyildi. Hələ FETÖ-nün bütün mənbələrinə zərbələrin endirildiyi və əsas tərəfdarlarının ya mövqe dəyişdirdiyi, ya həbsdə olduğu, ya da xaricə qaçdığı (futbolçu Hakan Şükür kimi) indiki vaxtda NATO üzvü olan ölkənin ordusunda bir din adamının tərəfdarlarının öz təşəbbüsləriylə “hərbi çevrilişə cəhd edəcək” qüvvəyə çatmasına inanmaq çətindir.

Elə isə 15 iyulda nə baş verdi?

Anton Çexovun məşhur sözünü 15 iyul “hərbi çevrilişə təşəbbüsü” çərçivəsində bir daha xatırlatmaq yerinə düşür: “pyesin əvvəlində divara asılmış tüfəng pyesin sonunda mütləq açılmalıdır”.

1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatında yaşayan vaiz Fətullah Gülən, Türkiyəyə (son bir neçə ildə Ərdoğana) qarşı elə qaldığı ölkənin də divardan asdığı tüfəngdir. 15 iyulda “dövlət çevrilişinə cəhd” (əslində yarı cəhd)- divardan asılmış tüfəngin FETÖ etiketiylə 17-25 dekabrdan sonra növbəti dəfə açılmasıdır. Adının FETÖ-çü olduğunu qəbul etsək də, etməsək də 15 iyul “hərbi çevriliş cəhdi”nin ordu içindəki bir xunta tərəfindən hazırlandığı açıq-aşkardır. 16 iyulda 1-ci ordu komandanı, baş qərargah rəisi əvəzi, ordu generalı Ümid Dündardan soruşdum: baş qərargahda hansı boşluq və zəifliklər olub ki, xuntaçılar baş qərargah rəisini və qüvvə komandanları girov götürə biliblər? Bir saatdan sonra isə aeroporta gəlmiş Abdullah Güldən soruşdum: bu işi ordu içindəki bir xuntanın törətdiyi bəllidir. O xunta srağagün yaradılıb, dünən dövlət çevrilişinə cəhd edibmi? Niyə fərq edilməyib? Ordu generalı Dündar sualıma cavab vermir, keçmiş prezident Gül isə “bunun 1 günlük və ya 1 həftəlik iş” olmadığını desə də, sözünün ardını gətirmirdi. Baş qərargah rəisinin və qüvvə komandanlarının girov götürülmə durumları aydınlaşdıqca bu dəfə havaya sual vermək məcburiyyətində qalıram: baş qərargah rəisini, qüvvə komandanlarını girov götürəcək dərəcədə burunlarının dibinə yerləşən köməkçilərin , əmr zabitlərinin varlığından NATO və ABŞ da xəbərdar olmadımı? Türk ordusunun bir vaxtlar prezidenti, baş nazirləri, partiya liderlərini aşağı endirdiyi məlumdur, bəs Ərdoğan kimi güclü bir şəxsiyyətin ən yaxınındakı hərbçi olan yavərinin “hərbi çevrilişə cəhdə dəstək vermək iddiasından” həbs edilməsinə nə deyirsiniz? FETÖ-oralara hər hansı xarici dəstək olmadan öz adamlarını yerləşdirməsi sizin tüklərinizi ürpətmirmi?

”Pozisyon”ların daha da aydınlaşması

“Hərbi çevrilişə cəhd”in ilk saatlarında ABŞ-ın bəzi media qurumlarında təşəbbüsçülərin dəstəklənməsinə və Almaniyanın bəzi media qurumlarında ortaya atılan dezinformasiyalara 16 iyul saat 3.18-də İstanbul aeroportuna enən prezident Ərdoğan sərt reaksiya göstərdi. O media qurumlarının və şərhçilərin FETÖ-nün təsiri altında olduğunu demək doğru olmaz. Prezident Ərdoğan İstanbul aeroportunda şəfəq sökülərkən keçirdiyi növbəti mətbuat konfransında da FETÖ-nü hədəf almaqla kifayətlənməyərək, Güləni ölkəyə dönməyə dəvət etdi, daha sonra isə Barak Obamadan Güləni Türkiyəyə təhvil verməsini istədi. Siyasi şərhçilərin də işarə etdiyi kimi, Türkiyə-ABŞ münasibətlərinin bundan sonrakı əsas mövzusu FETÖ olacaqdır, burda da anlaşılmayacaq durum yoxdur. Türkiyə çox təkid edərək ABŞ-ın tələb etdiyi lazımi hüquqi sənədləri təqdim edərsə, Güləni geri alması mümkün olacaqmı? ABŞ-ın bu dəfə Güləni geri verəcəyi ehtimalı güclüdür, zira Türkiyənin ana gövdəsini təşkil edən “pozisyon”ların daha bəlirgin hala gəlməsində 15 iyulda həyata keçirilməsinə cəhd edilən “yarı hərbi çevriliş” öz məqsədinə çatmış, rolunun çox və ya azlığından asılı olmayaraq, FETÖ etiketi o prosesdə öz missiyasını yerinə yetirmişdir. Bəlkə ironik görünür, amma yaxın keçmişdə Türk ordusuna “Balyoz” və “Ergenekon” kimi proseslərlə əyar verməyə çalışan FETÖ-nün özü indi “yarı hərbi çevriliş”in əsas iştirakçısı kimi suçlanır. Okeanın o tərəfində yazılmış ssenarinin əsas məqsədinin hərbi çevriliş yox, Türkiyə dialektikasının ana gövdəsini təşkil edən məscid-kazarma qarşıdurmasının daha da bəlirginləşməsi və qarşıdurmanı indiki mərhələsində məscidləri özlərinin ana bazası halına gətirən Ərdoğan tərəfdarlarının qalib kimi göstərilməsi təşkil edirdi. İstanbulun küçələrində 1-2 saat dolaşan hər kəs bu durumu görə bilər. Hərbi çevriliş cəhdinin basdırılması və həbslərdə polis qüvvələrinin ön planda olması isə ana gövdənin təfərrüatlarından olub, “kürd məsələsi” və “sünni-ələvi” qarşıdurması da o ana gövdə qarşıdurmasının “yan kuruluşları” və ya “kiçik müəssisələri”dir. Qorxuram ki, proseslər Henry Kissingerin 2 il əvvəl işarə etdiyi “xaos yaratma” nəzəriyyəsi üzrə inkişaf etsin. O nöqtədən baxmaq qətiyyən ağlıma gəlmir, ancaq işin o “boyutu” da ssenarilərdə yazılıbsa, onda 15 iyulu “çevrilişdən də betər bir hal” kimi dəyərləndirilməsinə və bir an əvvəl lazımi tədbirlərin görülməsi lüzumuna inanıram.

İqtidarın əsas sıxıntısı

“Cumhuriyet”ə Londondan yazan Ergin Yıldızoğlunun “Soyuq savaşdan sonra hegemon siniflərin öz ordusunu yaratma” cəhdi kimi dəyərləndirdiyi durumun Türkiyədə baş tutmamasının əsas səbəbi- təhsil sistemiylə bağlıdır. Belə ki, qarşıdurmanın “məscid” tərəfini təşkil edənlər hərbi məktəblərə anadangəlmə meylli olmadıqları kimi, təhsilin naturasının dinə tərəf yönləndirilməsi də iqtidara “öz hegemoniyasını dəstəkləyəcək ordu”nu qurmaqda əngəl törədir. Bunu yaxşı bilən ordu özünü arxayın aparır, çünki təyyarəçi, dənizçi, topçu olmaq üçün din təmayüllü təhsil kifayət etmir, riyaziyyat, fizika, həndəsə bilmək lazımdır. ”Dindar nəsil yetişdirmə” manifestini özünə şüar edən AK Parti iqtidarı dəqiq fənlərə önəm vermədikcə hansı təhsillə general yetişdirəcək? Hər şeydən əvvəl, buna çarə tapmaları lazımdır. Ordu-ierarxik qurumdur, fasiləsiz təhsilə və təcrübəyə söykənir, hərbi məktəbi bitirmiş leytenanta bir anda polkovnik rütbəsi versəniz də ondan çox şey gözləməyiniz əşyanın təbiətinə zidd olacaqdır. Digər tərəfdən, AK Parti iqtidarı bu gün öz tərəfdarlarına dünya standartlarında hərbi təhsil verməyə başlasa belə, onun meyvələrini almaq üçün ən azı 15 il keçməsi lazımdır. Bu və başqa bir çox faktoru və Türkiyənin son dərəcə həssas vəziyyətdə olduğunu nəzərə alaraq, prezident Ərdoğanın da, ordunun da 15 iyul qəziyyəsinin psixoloji “travma”larını unudaraq və işləri tamamilə prokurorluqların və məhkəmələrin öhdəsinə buraxaraq irəliyə baxmaları ən doğru yol olacaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR