ADA Universitetinə SAT imtahanının nəticəsi əsasında qəbul aparılır

ADA Universitetinə SAT imtahanının nəticəsi əsasında qəbul aparılır
# 26 may 2023 10:54 (UTC +04:00)

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlər iyunun 18-dək elektron qaydada Dövlət İmtahan Mərkəzinin internet saytı vasitəsilə imtahan nəticələrini təqdim etməlidirlər.

Bu barədə APA-ya DİM-dən xəbər verilib.

“ADA” Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar. İngilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. I və II qruplar üzrə ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:

- Abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün martın 1-dən 15-dək aparılmış sənəd qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni doldurub təsdiq etdirmiş olmalıdırlar.

- İyunun 18-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;

- Mayın 26-dan iyunun 18-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə qeydiyyatdan keçirlər;

-İyunun 18-dək “ADA” Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və “ADA” Universitetinə elektron şəkildə göndərirlər.

“ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR