Baş Prokurorluqda BMT nümayəndə heyəti ilə görüş keçirilib

Baş Prokurorluqda BMT nümayəndə heyəti ilə görüş

© APA | Baş Prokurorluqda BMT nümayəndə heyəti ilə görüş

# 22 dekabr 2021 18:09 (UTC +04:00)

Dekabrın 22-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) Mərkəzi Asiya üzrə regional nümayəndəsi Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, qurumun cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizə, ictimai maraqların qorunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və sair fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sahədə uğurlu beynəlxalq təcrübədən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycan tərəfini təbrik edən xanım Aşita Mittal post-müharibə dövründə beynəlxalq əməkdaşlığın müxtəlif sahələrdə olduğu kimi hüquqi sahədə də uğurlar əldə olunacağına ümidvar olduğunu bildirib.

BMT rəsmisi cari ilin 13-17 dekabr tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 9-cu sessiyasında aktiv iştirakına görə Baş prokuror Kamran Əliyevə minnətdarlığını bildirərək qurumlar arasındakı əməkdaşlığın uğurla davam etdiriləcəyinə öz inamını ifadə edib.

Daha sonra BMTNCİ-nin Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən hazırlanmış 2022-2025-ci illər üçün Azərbaycan Respublikası və BMTNCİ arasında Əməkdaşlıq üzrə Yol Xəritəsinin layihəsində yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR