Meşəli şəhidlərinin xatirəsi anılıb - FOTO

Meşəli şəhidlərinin xatirəsi anılıb

© APA | Meşəli şəhidlərinin xatirəsi anılıb

# 23 dekabr 2021 16:34 (UTC +04:00)

Ağdamda Xocalının Meşəli kəndində şəhid olan soydaşlarımızın xatirəsi anılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bir qrup Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis zabitləri və şəhid ailələrinin üzvləri Ağdamda bir araya gələrək, Xocalı rayonunun Meşəli kəndində şəhid olanların xatirəsini yad ediblər. İlk olaraq şəhidlərin xatirəsinə ucaldılan abidə komleksi ziyarət olunub.

Daha sonra Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşan tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Xankəndi şəhərinin yaxınlığında yerləşən Meşəli, Çəmənli, Malıbəyli, Kərkicahan kəndlərində baş verən erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında amansızlığı ilə seçilir.

Qeyd olunub ki, Xocalı soyqırımına gedən yol Meşəli və digər kəndlərdən başlayıb. Tədbirdə bildirilib ki, 1991-ci il dekabrın 23-də Ermənistan silahlı qüvvələri və onun muzdlu döyüşçüləri tərəfindən Meşəli kəndi böyük vəhşiliklə və amansızlıqla yer üzündən silinib. Səhər saat 7 radələrində erməni silahlı qüvvələri kəndi mühasirəyə alıb, bütün evləri yandırıblar. Ermənilər 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirib, bir neçəsini isə yandırıblar. İtkin düşənlər olub, kənddə 3 evdən sağ çıxan olmayıb, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılıb.

Həmin gün kəndin müdafiəsinə qalxan Ağdam rayon Polis İdarəsinin nəzdində yaradılan xüsusi təyinatlı polis alayının tərkibində döyüşən iki döyüşçü əməkdaşın qəhrəmalığı sayəsində 280 nəfərdən çox kənd sakini canlarını qurtara bilib. Azərbaycanın Milli Qəhrəmanı Rüstəmov Hidayət Eldar oğlu və Ağayev Faiq Alış oğlu həmin gün kənd sakinlərinin həyatını xilas etdikdən sonra qəhrəmancasına şəhid olublar.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Rüstəmov Hidayət Eldar oğlu 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. 1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul edilib. 23 dekabr 1991-ci ildə ermənilərin Xocalı rayonunun Meşəli kəndinə növbəti hücumu zamanı dinc əhalini xilas edib. H. Rüstəmov və F. Ağayev boş evlərin birində özünə mövqe seçərək ermənilərin hücumunun qarşısını almağa çalışıblar. Son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olan Hidayət Rüstəmova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Azərbaycanın Milli Qəhrəmanı Ağayev Faiq Alış oğlu 1969-cu ildə Ağdam rayonun Papravənd kəndində anadan olub. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlayıb. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılıb.

1991-ci ii dekabr ayının 23-də ermənilərin diqqətini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas edib. Döyüş mövqeyini axıradək tərk etməyən, son nəfəsinə kimi vuruşan Faiq Ağayev dinc əhalinin həyatını xilas edərkən öz həyatını qurban verib. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR