Azərbaycana İrandan gətirilən 41,274 kq heroin dövriyyədən çıxarılıb

Azərbaycana İrandan gətirilən 41,274 kq heroin dövriyyədən çıxarılıb
# 23 iyun 2008 12:56 (UTC +04:00)
Bu barədə APA-ya MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Türkiyə vətəndaşları Çengiz Çeftçi, Mehmet Balıqçıoğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Müəyyən olunub ki, Cengiz Çeftçi idarə etdiyi “VOLVO” markalı yük avtomobilinə rəsmi olaraq Qazaxıstan aparmaq üçün tikinti materialları yükləyib və İran ərazisinə keçib. Cengiz Çeftçi İran ərazisinə keçməzdən əvvəl, nəqliyyat vasitəsinin əsl sahibi Mehmet Balıqçıoğlu ona avtomobildəki gizli saxlanc yerini göstərib və İranın Təbriz şəhərində qəbul edəcəyi narkotikləri orada gizlətməsini tapşırıb. Mehmet Balıqçıoğlu həmin narkotik vasitələri Azərbaycan ərazisinə aparmağı, buradan isə bərə ilə Qazaxıstana keçərək rəsmi yükü boşaltdıqdan sonra narkotikləri telefonla deyəcəyi şəxsə vermək barədə Cengiz Çeftçini təlimatlandırıb. Cengiz Çeftçi Türkiyədən İran ərazisinə keçəndən sonra Təbriz şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə görüşüb onun verdiyi narkotiki təhvil alaraq, avtomobilin gizli saxlanc yerində gizlədib. 2008-ci il iyunun 19-da Cengiz Çeftçi narkotik vasitəni Azərbaycana gətirib. “Astara” gömrük keçid məntəqəsi ərazisində MTN və DGK əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cengiz Çeftçinin idarə etdiyi yük avtomobili saxlanılıb, baxış zamanı avtomobilin gizli saxlanc yerindən ümumi çəkisi 41 kq 274 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb, Çeftçi Cengiz Mehmet oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR