Azərbaycanda Narkotiklərlə Mübarizə Günü ilə bağlı mətbuat konfransı keçirilib

Azərbaycanda Narkotiklərlə Mübarizə Günü ilə bağlı mətbuat konfransı  keçirilib
# 24 iyun 2008 14:17 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və hüquq-mühafizə orqanları əməkdaşları 26 iyun - BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar birgə mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, Komissiyanın İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib ki, qurum narkomanlığın yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə işinin səmərəliliyinin artırılması üçün aidiyyəti qurumlarla yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Elman Tərlanov beynəlxalq təşkilatların apardığı araşdırmalarda Əfqanıstandan Avropaya narkotik vasitələrin daşınma marşrutlarının əksəriyyətinin Azərbaycan ərazisindən keçməsi barədə məlumatların öz əksini tapdığını deyib: “Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları gündəlik işlərində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün uğurlu tədbirlər həyata keçirirlər. Keçirilən əməliyyat tədbirləri nəticəsində 2007-ci il ərzində 2364 cinayət faktı aşkarlanıb və qanunsuz dövriyyədən 336 kiloqramadək narkotik vasitə çıxarılıb. Bu ilin beş ayı ərzində isə qanunsuz dövriyyədən 248 kiloqramadək narkotik vasitə götürülüb”.
Dövlət Gömrük Komitəsinin narkotiklərlə mübarizə idarəsinin rəisi Hacı Hacıyev
deyib ki, komitə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2007-ci il ərzində 47 fakt üzrə 123 kiloqram 810 qram, bu il isə 24 fakt üzrə 170 kiloqram 210 qram narkotik vasitə aşkarlanıb. Respublika Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Azər Hətəmov narkotiklərlə mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirildiyini bildirib. Ali Məhkəmənin əməkdaşı Ruhid Əkbərov isə 2007-ci il ərzində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlər üzrə 1958 nəfərin məhkum olunduğunu nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR