Erməni əsirliyində olan Azərbaycan vətəndaşının azad edilməsinə kömək göstərmək adı ilə onun yaxınlarının külli miqdarda əmlakını mənimsəyən şəxs tutulub

Erməni əsirliyində olan Azərbaycan vətəndaşının azad edilməsinə kömək göstərmək adı ilə onun yaxınlarının külli miqdarda əmlakını mənimsəyən şəxs tutulub
# 24 iyun 2008 14:37 (UTC +04:00)
MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, məlum olub ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən axtarışda olan M. Mürsəlova 2007-ci ilin ortalarında tanış olduğu Sabirabad rayonunun Kovlar kənd sakini Hüseyn Hüseynovun qardaşı Zaur Hüseynovun 1994-cü ildə Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə itkin düşdüyünü öyrəndikdən sonra bundan faydalanmaq niyyətinə düşüb. M. Mürsəlova özünü Mehriban Mehdizadə kimi təqdim edərək, Hüseyn Hüseynovun etibarını qazanıb, itkin qardaşının yerinin müəyyənləşdirilməsi üçün onlara köməklik göstərəcəyini vəd edib. Bundan sonra, M. Mürsəlova itkin düşmüş şəxsin Sabirabad rayonunda yaşayan valideynləri və digər qardaşı ilə də tanış olub. M. Mürsəlova onlara Zaur Hüseynovun hazırda Ermənistanda əsirlikdə olduğunu bildirib və onun guya əsirlikdən azad edilməsi üçün ailə üzvlərini aldadıb, 2007-ci ilin iyun ayından 2008-ci ilin may ayınadək ayrı-ayrı vaxtlarda külli miqdarda əmlaklarını ələ keçirərək mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, işin bütün hallarının araşdırılması üçün istintaq tədbirləri davam etdirilir.
MTN vətəndaşların nəzərinə çatdırır ki, Ermənistan ölkəmizə təcavüzünün nəticələrinin qurbanları olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, habelə həmin soydaşlarımızın ailə üzvlərinin və qohumlarının belə hallara məruz qalmamaları üçün Dövlət Komissiyasının işçi qrupuna, yaxud Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmələri məqsədəuyğundur. Ümumiyyətlə, bu növ cinayət əməllərindən zərər çəkmiş vətəndaşlardan 405-99-99 əlaqə telefonuna zəng etmələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR