Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinq payızda keçiriləcək

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinq payızda keçiriləcək
# 01 iyul 2008 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə əlaqədar ölkə ərazisində növbəti monitorinqi payız aylarında aparacaq. APA-nın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib ki, Azərbaycanda viruslar artıq Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına göndərilmədən təyin edilir: “Azərbaycanda aşkar edilmiş “Afrika taunu” ilə bağlı nümunələri referens laboratoriyasına təxminən 10 gün əvvəl göndərmişik, amma Azərbaycanda bu xəstəlik yanvarın 26-da aşkar edilib. Referens laboratoriyası diaqnozu təsdiq etmək üçündür”. İ. Həsənov qeyd edib ki, “quş qripi” ilə mübarizə məqsədi ilə Dünya Bankı Azərbaycana 4,5 milyon dollar vəsait ayırıb. Həmin vəsait hesabına bir sıra avadanlıqların alınması nəzərdə tutulub. Bu layihənin artıq 60 faizi icra olunub. Xidmət rəisinin sözlərinə görə, “quş qripi” ilə mübarizə tədbirlərinin maliyyələşməsində dövlət büdcəsindən vaxtında vəsait ayrılması əsas rol oynayıb. Bu məqsədlə əvvəlcə 800 min, daha sonra isə 2,4 milyon manat ayrılıb. Bu vəsait hesabına 115 yaxın nəqliyyat vasitəsi, laboratoriya avadanlıqları alınıb. İ. Həsənov bildirib ki, 2015-ci ilədək respublikadakı bütün baytarlıq idarələri yenidən qurulacaq: “Həmin vaxtadək rayonlarda, kəndlərdə bir dənə köhnə baytarlıq idarəsi qalmayacaq. Onların hamısı yenidən inşa olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR