AŞ PA-nın yay sessiyasına qatılan hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər

AŞ PA-nın yay sessiyasına qatılan hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər
# 01 iyul 2008 11:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak edən Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva və Səadət Bənənyarlı bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Qocamanlı AŞ PA-da Azərbaycanla bağlı dinlənilən hesabatın kifayət qədər əhatəli olduğunu bildirib, belə bir hesabatın ortaya çıxmasının zəruriliyini vurğulayıb: “Həbsdə olan jurnalistlər və xəstə məhkumlar azadlığa buraxılmadıqları üçün hesabatda kəskin fikirlər əksini tapmışdı”.
O, İnsan Hüquqları üzrə Komissarlıqda hüquq müdafiəçilərinin durumu barədə geniş müzakirələr apardıqlarını da nəzərə çatdırıb. S. Qocamanlının sözlərinə görə, hazırda komissarlıqda postsovet məkanında fəaliyyət göstərən və təzyiqlərlə üzləşən hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı mexanizmlər işlənib hazırlanır. N. Cəfəroğlu sessiyada Ermənistanla bağlı məruzə barədə danışaraq deyib ki, qonşu ölkədə baş verənlərə kifayət qədər səthi və yumşaq münasibət bildirilib: “Bunu bizimlə görüşdə Ermənistandan olan hüquq müdafiəçiləri də deyirdilər”. A. Abdullayeva isə qeyd edib ki, AŞ PA-da Azərbaycanla bağlı qəbul edilən qətnamədə həbsdəki üç jurnalistin, xəstə məhkumların dərhal azadlığa buraxılmaları ilə bağlı məqam öz əksini tapıb: “Biz də onların dərhal azadlıqda olmalarını istəyirik”. S. Bənənyarlı Azərbaycanda seçkiqabağı şəraitin demokratik olmasının Avropa Şurası üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Azərbaycan hakimiyyəti bu yöndə addımlar atmalıdır. Hüquq müdafiəçiləri Strasburqda AŞ-ın İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq, Venesiya Komissiyasının, “Aqo” Monitorinq Qrupunun rəhbərliyi, AŞ PA-nın monitorinq və siyasi komitələrinin təmsilçiləri, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel, Yevgeniya Jivkova, İsveçrədən olan deputat, ölkəmiz üzrə AŞ PA-nın keçmiş həmməruzəçisi Andreas Qrossla görüşdüklərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR