Hüquq müdafiəçisi Ruslan Bəşirli və Səid Dadaşbəyli ilə görüşüb

Hüquq müdafiəçisi Ruslan Bəşirli və Səid Dadaşbəyli ilə görüşüb
# 01 iyul 2008 12:52 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1, 15 saylı cəzaçəkmə müəssisələrində və Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, 1 saylı Cəzaçəkmə Müəssisində “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli ilə görüşüb: “Ruslan Bəşirli səhhətində olan problemlərdən, tez-tez qıcolmalardan şikayətləndi və azadlığa çıxmasına köməklik göstərilməsini xahiş etdi”. Komitə sədri 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq iş adamı, 9 il müddətinə azadlıqdan məhrum edilmiş Bakı sakini Çingiz Mirzəyevlə görüşdüyünü deyib: “Məhkum dedi ki, ötən dəfə mənimlə görüşdə mərhum jurnalist Elmar Hüseynovun qətli barədə verdiyi açıqlamalardan sonra onu bununla bağlı dindiriblər”. E. Behbudov əsəb xəstəliyindən əziyyət çəkən Ç. Mirzəyevin hazırda müəssisəsinin tibb hissəsində müalicə edildiyini deyib. Komitə sədri müəssisədə görüşdüyü məhkum Gözəlov İsrail İsmayıl oğlunun ruhi xəstə olduğunu bildirib: “9 il müddətinə azadlıqdan məhrum edilən İsraili müalicə olunmaq üçün Müalicə Müəssisəsinə göndərsələr də, onu orada qəbul etməyiblər. Həbsxana rəhbərliyi də bunu təsdiqlədi”. Həmin müəssisədə saxlanılan dövlətə xəyanətdə, qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham edilən Səid Dadaşbəyli ilə də görüşdüyünü deyən hüquq müdafiəçisi məhkumun saxlanma vəziyyətindən narazı olmadığını deyib. Onun sözlərinə görə, S. Dadaşbəyli barəsindəki məhkəmə hökmündən kasasiya şikayəti verəcəyini açıqlayıb. GEN MMC-nin rəhbəri Elbrus Əliyevin Polis İdarəsində 48 saatdan çox saxlanması faktı ilə bağlı Xətai RPİ-nin müvəqqəti saxlanma təcridxanasında olduğunu bildirən E. Behbudov deyib ki, ona saxlanılan şəxsin iyunun 30-da Bayılda yerləşən 1 saylı istintaq təcridxanasına göndərildiyini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR