Kür və Araz çaylarında keçirilən ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən ekoloji monitorinqin nəticələri açıqlanıb
# 03 dekabr 2008 08:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə noyabr ayının III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddi (YVQH) dəfələrlə keçib. Çayın Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 5, mis birləşmələri 3 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 2 dəfə YVQH-i keçib. Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Ağstafaçayın Qazax məntəqəsində 2,7 dəfə, Ağstafaçay Su Anbarında isə 2,2 dəfə YVQH-i keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz və I Şahsevən məntəqələrində 4, Bəhramtəpə məntəqəsində 3, mis birləşmələri isə hər üç məntəqədə 3 dəfə YVQH-i ötüb.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1 dəfə, Bəhramtəpə və I Şahsevən məntəqələrində isə 1,3 dəfə YVQH-i keçib. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,95-6,93 mq/l arasında dəyişərək norma daxilində olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR