Azərbaycanda Xəzər dənizinin problemləri və palçıq vulkanizmi üzrə tədqiqatlar aparan iki beynəlxalq elmi mərkəz yaradılacaq

Azərbaycanda Xəzər dənizinin problemləri və palçıq vulkanizmi üzrə tədqiqatlar aparan iki beynəlxalq elmi mərkəz yaradılacaq
# 04 dekabr 2008 14:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasında Xəzər dənizinin problemləri və palçıq vulkanizmi üzrə tədqiqatlar aparan iki beynəlxalq elmi mərkəz yaradılacaq.

APA-nın məlumatına görə, bu barədə AMEA-nın vitse-prezidenti və Geologiya İnstitutunun direktoru Akif Əlizadə 2008-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan ərazisi palçıq vulkanları baxımından fenomen ərazidir. Hazırda Daşgil və Pirəkəşkül vulkanlarında havaya buraxılan metan qazının atmosferə təsiri cihazlar vasitəsi ilə öyrənilir. A. Əlizadənin sözlərinə görə, palçıq vulkanları problemi üzrə beynəlxalq elmi mərkəz yaratmaq ideyası Bişkekdə keçirilmiş dövlət elmi təşkilat rəhbərlərinin beynəlxalq müşavirəsində qəbul olunub. Sözügedən müşavirənin qərarı AMEA-ya rəsmi təqdim edildikdən sonra Geologiya İnstitutu Azərbaycan hökumətinə müraciət edərək beynəlxalq elmi mərkəzin hüquqi statusunun müəyyən olunmasını xahiş edəcək. Xəzərin problemlərinin həlli ilə bağlı beynəlxalq elmi mərkəzə gəlincə A. Əlizadə bildirib ki, hazırda bu istiqamətdə Rusiya, Qazaxıstan və Türkmənistanla ümumi razılıq əldə olunub. İranla isə hələ danışıqlar aparılmayıb. İnstitut direktoru vurğulayıb ki, Azərbaycanda Xəzər dənizinin problemləri ilə məşğul olan qərb standartlarına uyğun beynəlxalq elmi mərkəzin yaradılmasına nail olunacaq.
A. Əlizadə onu da bildirib ki, hazırda Azərbaycanda Yerin horizontal hərəkətlərinə nəzarət etmək imkanı yaranıb. Şəkidə yaradılan ikinci GPS stansiyası vasitəsi ilə hidroloji məlumatları əldə etmək mümkün olacaq. Bu stansiya Azərbaycanda zəlzələləri proqnozlaşdırmağa, Yer səthində olan səthi və dərin yarıqları izləməyə imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR