Osloda Kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiyanın imzalanma mərasimi keçirilib

Osloda Kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiyanın imzalanma mərasimi keçirilib
# 04 dekabr 2008 14:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Norveçin paytaxtı Oslo şəhərində Kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiyanın imzalanma mərasimi keçirilib. Həmin tədbirdə iştirak edən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov APA-ya bildirib ki, bu sənəd növbəti 10 il ərzində kasetli silahların istifadəsini, istehsalını, ehtiyatının yığılmasını qadağan edir. Onun sözlərinə görə, bu konvensiyanı imzalayan ölkələr eyni zamanda, üzərlərinə zədələnmiş əraziləri minalardan təmizləmək və əlil-qurbanlara yardım göstərilməsini təmin etmək öhdəliyi götürürlər. H. Səfixanov bildirib ki, 40 ildən çox müddətdə müharibə zamanı və ondan sonra 10 minlərlə insan kasetli döyüş sursatlarından zədə alıb və öldürülüb, hazırda da bu davam etməkdədir. Sözügedən konvensiya bu silahdan zərər çəkərək sağ qalan insanlara onların ailələri də daxil olmaqla, hərtərəfli yardım göstərməyi təmin edəcək. Konvensiyanı imzalayanlar arasında kaset silahının istehsalçısı olan bir çox ölkələr, o cümlədən bu silahların keçmiş istehsalçıları və onların ehtiyatına malik olan dövlətlər var. Sənəd 50-yə yaxın ölkənin dövlət başçısı, xarici işlər, müdafiə nazirləri və digər rəsmi şəxslər tərəfindən imzalanıb. Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla, NATO-ya üzv olan 26 ölkədən 18-i, eyni zamanda Afrika və Latın Amerikası ölkələrinin əksəriyyəti bu konvensiyanı imzalayıblar. Konvensiya BMT-də imzalanmaq üçün açıq olacaq. Bu sənədin qüvvəyə minməsi üçün onu 30 ölkə ratifikasiya etməlidir. Artıq 4 ölkə - Norvec, Syerra-Leone, İrlandiya və Vatikan bu konvensiyanı ratifikasiya ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR