Azərbaycanda uşaq və əlillərə əlavə yardım ödəniləcək

Azərbaycanda uşaq və əlillərə əlavə yardım ödəniləcək
# 05 dekabr 2008 10:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna və bu sistemlə bağlı mövcud qaydalara əsaslı dəyişikliklər edəcək. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov APA-ya açıqlamasında bildirib ki, dəyişikliklərin edilməsində məqsəd ünvanlı sosial yardım mexanizmində birbaşa ünvanlılığı təmin etməkdir.
Bu dəyişiklərə uyğun olaraq, ünvanlı sosial yardımın ailələrdə demoqrafik qruplar üzrə verilməsi nəzərdə tutulur. Dəyişikliklər əsasında ailədə 18 yaşadək olan uşaqlara, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara, ailənin əlil üzvlərinə adambaşına düşən sosial yardımla yanaşı, əlavə ödənişlər də veriləcək. Əlavə vəsaitlərin məbləğinin nə qədər olacağı isə hələ müəyyənləşdirilməyib. Yeni dəyişikliklərin hazırlanmasına gələn ilin aprel ayından sonra başlamaq planlaşdırılır.
N.Qasımov bildirib ki, yoxsulluğun səbəblərindən biri də ailədə uşaqların sayının çox olması ilə bağlıdır. Şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycanda 142 min ailə sosial yardım alır ki, onun da 90%-ni uşaqlı ailələr təşkil edir. Yardım alan ailələrin 42,4%-də uşaqların sayı üç və daha çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR