Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Almaniyada səfərdə olub

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Almaniyada səfərdə olub
# 05 dekabr 2008 12:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyanın əmək və sosial məsələlər federal naziri Olaf Şoltsun dəvəti ilə dekabrın 2-5-də Almaniyada rəsmi səfərdə olub.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlindən APA-ya verilən məlumata görə, nazir O.Şolts və nazirliyinin dövlət katibi Günter Horzetski, parlamentar dövlət katibi Frants Tönnes ilə keçirilən görüşlərdə bu ilin aprelin 28-də Bakıda imzalanmış «Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Almaniya Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında əmək və sosial siyasət sahəsində Anlaşma Memorandumu»nun ikitərəfli əlaqələrin inkişafına təkan verdiyi, əmək, məşğulluq, əməyin təhlükəsizliyi sahələrində milli qanunvericiliyinin təkmilləşdirilməsi, məşğulluğun inkişafı sahələrində əməkdaşlığın uğurla həyata keçirildiyi və bu istiqamətdə birgə səylərin artırılacağı qeyd edilib. Eyni zamanda, Avropa Qonşuluq Siyasəti çərçivəsində məşğulluq və əməyin təhlükəsizliyi sahəsində qarşılıqlı əlaqələrin inkişafı üçün Almaniya tərəfindən Azərbaycana lazımi dəstəyin göstəriləcəyi bildirilib. F.Ələkbərov öz növbəsində əmək və əhalinin sosial müdafiəsi sahələrinin təkmilləşdirilməsi istiqamətində Almaniyanın təcrübəsindən istifadənin əhəmiyyətini vurğulayıb.
Drezden şəhərindəki Almaniya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Akademiyasında keçirilən görüşdə isə Azərbaycan Dövlət Əmək Müfəttişliyinin mütəxəssisləri üçün təlim kurslarının təşkilinə dair ilkin razılıq əldə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR