Ötən ay Azərbaycanın 1 480 935 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 1 480 935 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 05 dekabr 2008 12:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin noyabr ayı ərzində Azərbaycanda 1 480 935 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 5 297 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 339 nəfər istehkamçı, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək ümumilikdə 77 772 980 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 367 639 olub. Hazırda agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli və Ağstafa rayonlarında aparılır.

Noyabr ayı ərzində 3 mina/PHS hadisəsi qeydə alınıb. Noyabrın 16-da Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Qurbanov Abdulla Novruz oğlu Tərtər rayonu Qapanlı kəndi ərazisində, noyabrın 25-də Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Nəsirov Oqtay Əbülfəz oğlu Ağdam rayonunun Qarabulaq dərəsi adlanan ərazidə, noyabrın 27-də isə Şamaxı rayon sakini Tahirov Bahadur Kəriş oğlu Xocavənd rayonunun Şpartı adlanan ərazisində yer şumlayarkən traktorla tank əleyhinə minaya düşüb. Hər 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, ANAMA tərəfindən 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 105 hadisədə 61 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR