“Təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında da qəbul olunmaya bilər

“Təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında da qəbul olunmaya bilər
# 06 dekabr 2008 10:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında da qəbul olunmaya bilər. Belə ki, sessiyanın başa çatmasına bir neçə həftə qalmasına baxmayaraq, bu sessiyanın qanunvericilik işləri planına daxil edilən “Təhsil haqqında” qanun layihəsi indiyə kimi müzakirəyə çıxarılmayıb. Parlamentdən APA-ya verilən məlumata görə, payız sessiyasının son iclaslarından biri dekabrın 16-da keçiriləcək. Həmin iclasın gündəliyində isə yalnız “Reproduktiv sağlamlıq haqqında” və “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihələrinin müzakirə ediləcəyi əks olunub.

Bu sessiya çərçivəsində daha bir iclasın keçrilib-keçirilməməsinin özü də sual altındadır. Milli Məclisin müvafiq şöbələrində də hələlik “Təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı hazırlıq getmir.

Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyevin məsələyə münasibətini öyrənmək mümkün olmasa da, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya açıqlamasında qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, sənəd müzakirəyə hazırdır.

Qeyd edək ki, Ş. Hacıyev noyabrın 26-da APA-ya verdiyi açıqlamasında Təhsil haqqında” qanun layihəsinin dekabrın 10-a qədər Milli Məclisin müzakirəsinə çıxarılacağını deyib. Lakin Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək, həmin iclasın gündəliyinə isə bu qanun layihəsinin müzakirəsi daxil edilməyib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisi “Təhsil haqqında” qanun layihəsini 10 ildən artıqdır ki, qəbul edə bilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR