Terri Devidson: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən çox ağrılar və əziyyətlər çəkib”

Terri Devidson: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən çox ağrılar və əziyyətlər çəkib”
# 02 aprel 2009 10:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Artıq uzun illərdir ki, Azərbaycan müharibə faciəsi ilə yaşayır, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən çox ağrılar və əziyyətlər çəkib”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson bu gün «Dirçəliş» Cənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersini təltif etdiyi diplomu qəbul edərək bildirib. Diplomat deyib ki, minaların partlaması nəticəsində dinc əhalinin yaralanması ABŞ-ı narahat edir. “Son on il ərzində ərazilərin minalardan təmizlənməsi və ictimaiyyəti minalar haqqında məlumatlandırmaq üçün ANAMA-ya göstərdiyimiz yardımın həcmi 15 milyon dollara bərabərdir”.

4 aprel Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardın Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı «Dirçəliş» Mərkəzinin keçirdiyi tədbirdə minaların partlanması nəticəsində əlil olanların problemlərinə qayğı göstərdiklərinə görə səfir Ann Dersi ilə yanaşı səhiyyə naziri Oqtay Şirəliyev və 16 saylı zona TSEK-in sədri təltif olunublar. «Dirçəliş» mərkəzinin direktoru İslam Baxşəliyev bildirib ki, Ann Dersi keçən ilin noyabr ayında 30 əlilin ABŞ-a səfərini təşkil edib, əlillər orada amerikalı əlillərin vəziyyəti ilə tanış olub, bu ölkənin əlillərin müdafiəsi ilə bağlı qanunlar haqqında məlumat alıblar. Tədbirdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç bu günün tarixi barədə məlumat verib. O, BMT İnkişaf Proqramı və BMT Uşaq Fondunun rəhbərliyi altında bir sıra BMT agentliklərinin ANAMA ilə sıx tərəfdaşlıq etdiyi söyləyib, özünün Fizuli rayonunda yerləşən minalı ərazilərə səfər etdiyini, Tovuz rayonunda mina təhlükəsinə məruz qalmış insanlarla birlikdə dəyirmi masada iştirak etdiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR