Bakıda İsrail ekspertlərinin keçirdiyi “Su ehtiyatlarının idarə olunması və səhralaşmaya qarşı mübarizə” mövzusunda seminar yekunlaşıb

Bakıda İsrail ekspertlərinin keçirdiyi “Su ehtiyatlarının idarə olunması və səhralaşmaya qarşı mübarizə” mövzusunda seminar yekunlaşıb
# 03 aprel 2009 09:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İsrailin Azərbaycandakı səfirliyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda martın 30-dan start verilən “Su ehtiyatlarının idarə olunması və səhralaşmaya qarşı mübarizə üzrə” beş günlük seminar bu gün yekunlaşıb. APA-nın məlumatına görə, seminarın məqsədi su ehtiyatları və torpaq qatının qorunması istiqamətində suvarma texnologiyalarında effektiv planlaşdırma strategiyası üzrə milli ekspertlərin bacarıqlarını inkişaf etdirməkdir. Seminarda İsrailin su ehtiyatları üzrə iki eksperti - Aleksandr Fainqerş və Aleksandr Frid Zayçik öz təcrübələrini Azərbaycanın müxtəlif sahələri üzrə 27 mütəxəssisi, o cümlədən Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Su Komissiyası və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bölüşüblər.

Tədbir iştirakçılarına sertifikatların təqdim edilməsi mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycanın içməli su ehtiyatlarından qənaətlə istifadə edilməsi üçün yaxşı kadrlara ehtiyac duyulur. Nazir müavinin sözlərinə görə, İsrailin kənd təsərrüfatı həddindən artıq inkişaf etdiyi üçün bu ölkənin təcrübəsindən faydalanmaq Azərbaycanın xeyrinə olar. F. Əliyev bu proqramın yekunu olaraq, bəzi Azərbaycan mütəxəssislərinin İsrailə təcrübə keçmək üçün səfər edəcəklərini də söyləyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza isə israilli ekspertlər tərəfindən təlim kursunun vaxtında təşkil olunduğunu deyib. O əlavə edib ki, martın 16-22-də V Dünya Su Forumu keçirilib, martın 22-i isə Ümumdünya Su Günü qeyd olunub. Forumda BMT dünyadakı su resursları üzrə hesabatını təqdim edib. B.Pueza suyun iqtisadi inkişafa təsir edən vacib amil olduğunu da xatırladıb.

İsrailin Azərbaycandakı səfiri Artur Lenk isə deyib ki, bu təlimlərin keçirilməsinin təməli hələ bu ilin yanvarında İsrail və Azərbaycan prezidentlərinin görüşü zamanı qoyulub. Prezidentlər görüşlərində kənd təsərrüfatı, ekologiya sahələri üzrə əməkdaşlığın aparılmasını vacib amil kimi vurğulayıblar. Azərbaycanın da İsrail kimi kiçik ölkə olduğunu xatırladan səfir təmsil etdiyi ölkənin öz təcrübəsini partnyorları ilə bölüşməyə hazır olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR