Göyçayda bələdiyyələrin zona müşavirəsi keçirilib

Göyçayda bələdiyyələrin zona müşavirəsi keçirilib
# 03 aprel 2009 17:06 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Bu gün Göyçayda bələdiyyələrin zona müşavirəsi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Yevlax, Goranboy, Ağdaş, Göyçay, Ucar və Kürdəmir rayonlarından 200-dən çox bələdiyyə sədrinin iştirak etdiyi müşavirədə Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov tədbirin keçirilməsinin əhəmiyyəti barədə məlumat verərək bildirib ki, maliyyə imkanları və bacarıqları zəif olan yerli özünüidarəetmə orqanlarının birləşməsi təklifləri var: “Şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyaları tərəfindən bu təklif məqsədə müvafiq hesab olunub və məsələyə münasibət bildirilməsi üçün bələdiyyə sədrlərinin iştirakı ilə zona müşavirələrinin keçirilməsi qərara alınıb".

Bir sıra bələdiyyənin vətəndaşların ümidlərini doğrulduğunu, müəyyən qədər iqtisadi və maliyyə imkanları əldə etdiyini və əhalinin sosial problemlərinin həllinə nail olduğunu qeyd edən Ş. Yusifov bununla belə, bəzi bələdiyyələrin müxtəlif səbəblərdən potensial imkanlarını artıra bilmədiklərini vurğulayıb.

Müşavirədə bir çox bələdiyyə sədri çıxış edərək, bələdiyyələrin birləşməsi təklifini dəstəkləyib. Onlar bildiriblər ki, kiçik ərazisi və az əhalisi olan bələdiyyələrin potensial imkanları zəif olduğundan onların birləşməsi vacibdir.

Yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Mirrauf Manafov və Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının Mərkəzi Aparatının rəhbəri Saleh Məmmədov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR