Almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş konfrans və fotosərgi keçirilib

Bakı. Laçın Sultanova-APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş «Almanlar Azərbaycanda» beynəlxalq elmi-praktik konfrans və fotosərgi keçirilib. APA-nın məlumatına görə, BSU-nun rektoru Kamal Abdullayev almanların Azərbaycanda məskunlaşmasını ölkəmizin çox maraqlı bir tarixi kəsiyi adlandırıb. “Öz tariximizi daha dərindən anlamaq üçün tarixin bütün mərhələlərini dərindən öyrənməli və dərk etməliyik. Bu bizim Avropaya inteqrasiyamıza da xidmət edəcək”. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Firudin Qurbanov almanların Azərbaycanda çox böyük irs qoyduqlarını, Azərbaycan iqtisadiyyatına, xüsusən də kənd təsərrüfatına böyük təsir göstərdiklərini, mədəni həyatında oynadıqları roldan danışıb. O bildirib ki, nazirlik tərəfindən 300 çox alman evi tarixi abidə kimi qorunur. Mədəniyyət və Turizm Nazirliyi, BSU və Alman-Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda almanların Azərbaycanda məskunlaşması tarixinin təhqiqatçıları, ziyalılar, deputatlar, almanların məskunlaşdığı Göy-Göl, Şəmkir, Ağstafa rayonun təmsilçiləri iştirak ediblər. Bir neçə gündən sonra konfrans Göy-Göldə işini davam etdirəcək.