Naxçıvan arxeologiyasına dair ingilis dilində kitab çapdan çıxıb

Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının arxeologiyasına dair ilk dəfə olaraq ingilis dilində kitab çapdan çıxıb. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, “Naxçıvan arxeologiyası” adlı yeni nəşrin müəllifləri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marrodur. İstanbulun “Ege” nəşriyyatında çap olunan kitabda Duzdağda aşkar olunmuş qədim mədənlər, Gəmiqaya təsvirləri, Ovçulartəpəsi yaşayış yerində tapılmış arxeoloji materiallar tam dolğunluğu ilə öz əksini tapıb. Kitabda son on ilin qazıntıları əsasında Naxçıvanın daş, eneolit, tunc və erkən dəmir dövr abidələri ətraflı şəkildə işıqlandırılıb. Müəlliflər Naxçıvan arxeologiyasına dair internet saytı da hazırlayıblar. Sayt yaxın günlərdə istifadəyə veriləcək.