Aprelin 21-də ali məktəblərə və texnikumlara sənəd qəbulu başlayır

Aprelin 21-də ali məktəblərə və texnikumlara sənəd qəbulu başlayır
# 17 aprel 2009 10:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 21-də ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizə qəbuluna başlayır. APA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, internetlə aparılacaq sənəd qəbulu mayın 31-dək davam edəcək. Abituriyentlər müvafiq sənəd qəbulu komissiyalarına tələb olunan sənədləri təqdim edərək ərizələrini aprelin 28-dən mayın 31-dək təsdiqlətdirməlidirlər. TQDK sənəd qəbulu zamanı abituriyentlərin internet xidmətlərindən pulsuz istifadə etməsi üçün müxtəlif dövlət orqanları ilə razılığa gəlib. İnternetlə təmin edilmiş məktəblərin məzunları təhsil aldıqları müəssisədə sənəd verə, interneti olmayan məktəbin məzunları isə poçt şöbələrinə müraciət edə bilər. Bundan başqa, Vergilər Nazirliyinin 14 kompüter terminalı vasitəsilə də ərizə təqdim etmək mümkündür.

M. Abbaszadə ali məktəblərə qəbul imtahanlarının iyulun əvvəlində başlayacağını söyləyib. İlk imtahanın iyulun 5-də keçirilməsi nəzərdə tutulur. İmtahanların daha dəqiq cədvəli mayın əvvəlində elan ediləcək. Komissiya sədrinin sözlərinə görə, bu il ali məktəblərə ümumi qəbul planında əsaslı dəyişiklik gözlənilməsə də, bakalavr ixtisaslarının sayı 265-dən 149-a endirilib, bəzilərinin adlarında dəyişiklik edilib. M. Abbaszadə qəbul imtahanlarında abituriyentlərin müsabiqəyə buraxılması üçün minimal keçid ballarını ötənilki səviyyədə saxlamağa çalışacaqlarını deyib. O xatırladıb ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR