Təhsil naziri Dünya Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb

Təhsil naziri Dünya Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb
# 17 aprel 2009 15:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün təhsil naziri Misir Mərdanov Dünya Bankının (DB) Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DB-nın təhsil üzrə eksperti Xuan Moreno səfərin qısa müddətli olmasına baxmayaraq, səmərəli keçdiyini bildirib. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsinin İdarəetmə Qrupunun, komponent və alt komponent koordinatorlarının işindən razı qalan Moreno Azərbaycanda təhsil sektorunun statistikası üzrə hazırlanan hesabatı da olduqca uğurlu sənəd kimi qiymətləndirib. Qonaq eyni zamanda, əlavə təhsil sahəsində xeyli irəliləyiş əldə olunmasını, məktəbəqədər təhsil sahəsində uğurlu addımlar atılmasını, qiymətləndirmə və təhsilin idarə olunmasının məlumat sistemləri üzrə aparılan islahatları yüksək dəyərləndirib.
M. Mərdanov isə qonaqlara Azərbaycanda təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində aparılan işlər, bununla bağlı yaradılan yeni qurum barədə məlumat verib. Nazir bildirib ki, ölkənin təhsil sistemi ilə bağlı bütün resurslar həmin qurumda yerləşəcək, burada DATA sistemi yaradılacaq. Bu ilin sonunadək 500 məktəbin geniş zolaqlı internet şəbəkəsinə qoşulacağını vurğulayan nazir hələlik bu məsələnin 200 məktəbdə öz həllini tapdığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR