Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanunun qəbulu özəl tədris müəssisələri üçün geniş fəaliyyət meydanı yaradacaq”

Bakı. Ramil Məmmədli-APA. “Təhsil haqqında” qanun layihəsi aprelin sonunda parlamentin elm və təhsil komitəsində növbəti dəfə müzakirə ediləcək, sonra isə Milli Məclisin geniş müzakirəsinə təqdim olunacaq”. Milli Məclisin (MM) elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev APA-ya deyib ki, qanun layihəsində mübahisəli məsələlər aradan qalxıb, yalnız bəzi müddəalara əlavələr edilib, təkmilləşdirilib. Ş. Hacıyev “Təhsil qanunu”nun qəbulundan sonra ölkənin təhsil sistemində ciddi dəyişikliklərin olacağını da qeyd edib: “Əvvəla bu sahədə qanun boşluğu aradan qaldırılacaq, bundan sonra təhsil sistemində qanundankənar heç bir proses baş verməyəcək. Yəni bütün addımlar qanunla tənzimlənəcək. Bu da təhsilin inkişafına təkan verəcək və Avropaya inteqrasiyaya şərait yaradacaq”. Ş. Hacıyev yeni qanunun özəl tədris müəssisələrinin inkişafına səbəb olacağını da deyib: “Bu qanunda özəl tədris müəssisələrinin fəaliyyətinin məhdudiyyətlər qoyulmasından söhbət gedə bilməz. Əksinə, bu qanunun qəbulu onlar üçün geniş fəaliyyət meydanı yaradacaq. Ancaq hər bir halda qanunu ideallaşdırmaq da lazım deyil. Çünki ideal qanun yoxdur. Həmçinin qanun qəbul olunandan sonra az bir vaxtda təhsildə olan bütün problemlərin həllini də gözləmək düzgün deyil. Bu təhsil prosesində iştirak edən hamıdan, hətta şagirdlərdən də asılıdır”. Xatırladaq ki, “Təhsil haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Sosial

"Elektron prokurorluq" informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qrupunun iclası keçirilib
