Azərbaycanda İmmunlaşdırma Həftəsinə start verilib

Azərbaycanda İmmunlaşdırma Həftəsinə start verilib
# 20 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyi bu gündən Azərbaycanda “Profilaktika. Müdafiə. İmmunlaşdırma” şüarı altında İmmunlaşdırma Həftəsi keçirməyə başlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, aprelin 26-da tamamlanacaq həftəliyin əsas tərəfdaşları Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu (UNİCEF), “Rostropoviç-Vişnevskaya” Fondu və “Acquire” layihəsidir.
ÜST-nin Avropa Regional Bürosu və regionun bir sıra dövlətləri birinci Avropa İmmunlaşdırma Həftəsini ilk dəfə 2005-ci ilin oktyabrında keçiriblər. Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün məqsədi peyvəndlərlə qarşısı alınan xəstəliklərdən hər bir uşağın qorunmaq hüququ olması barədə əhalinin daha yaxşı məlumatlandırılmaqla peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. 2009-cü ildə bu təşəbbüsə regionun 36 dövləti qoşulub. İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsünə Azərbaycan 2007-ci ildə qoşulub. Azərbaycanda immunlaşdırma həftəsinin əsas məqsədləri körpə və uşaq ölümünün azaldılmasına yönəldilmiş əsas strategiyaların inteqrasiyası vasitəsi ilə peyvəndlərlə əhatə səviyyəsinin yüksəltmək, planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsini artırmaq, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ləğvi), anadangəlmə məxmərək sindromunun profilaktikasını təmin etməkdir. Bu məqsədlərə nail olmaq üçün İmmunlaşdırma Həftəsi çərçivəsində bır sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə uyğun olaraq, İmmunlaşdırma Həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların Milli Peyvənd Təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir yerli tibb müəssisə tərəfindən təmin ediləcək. Aprelin 21-də Elmi Tədqiqat Pediatriya İnstitutunun bazasında “İmmunlaşdırma proqramı - uşaq ölümünü azaltmağa doğru. Maneələrin öhdəsindən gəlmək və Minilliyin Məqsədlərinə çatmaq naminə səylərimizi səfərbər edək” mövzusunda konfrans, aprelin 22-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində, “Anadangəlmə məxmərək sindromunun profilaktikası” mövzusunda dəyirmi masa keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR