Azərbaycanda bu gündən ali məktəb və texnikumlara sənəd qəbulu başlayır

Azərbaycanda bu gündən ali məktəb və texnikumlara sənəd qəbulu başlayır
# 21 aprel 2009 08:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən ali və orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizə qəbuluna başlayır. TQDK-dan APA-ya verilən məlumata görə, İnternetlə aparılacaq sənəd qəbulu mayın 31-dək davam edəcək. Sənəd qəbulu iki mərhələdə aparılacaq.

Birinci mərhələdə - aprelin 21-dən mayın 31-dək abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurmalı, ikinci mərhələdə - aprelin 28-dən mayın 31-dək abituriyent tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim etməli və elektron ərizəsini təsdiqlətməlidir. İnternetlə təmin edilmiş məktəblərin məzunları təhsil aldığı müəssisədə, İnterneti olmayan məktəbin məzunları isə poçt şöbələrində elektron ərizələrini yaza bilərlər.

Bundan başqa, abituriyentlərə Vergilər Nazirliyinin 14 kompüter terminalı ilə də öz ərizələrini təqdim etmək imkanı verilib. Məktəbi bu il bitirən şagirdlər sənədlərini təqdim edərkən attestatlarının əvəzinə hazırda 11-ci sinifdə təhsil almaqları barədə arayış təqdim etməlidirlər.

Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent ərizəsini ümumi qaydaya əsasən təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmaq üçün abituriyent aprelin 28-dən mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR