Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi 500 Çernobıl əlilinə maddi yardım göstərib

Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi 500 Çernobıl əlilinə maddi yardım göstərib
# 21 aprel 2009 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Çernobıl qəzasında əlil olmuş 500 nəfərə maddi yardım göstərib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Çernobıl Əlilləri İttifaqının prezidenti Mirhəsən Həsənov bildirib ki, 1986-cı il aprelin 26-da baş verən Çernobıl qəzası zamanı 7 min azərbaycanlı qəzanın ləğvi işlərinə cəlb edilib. 1990-cı ilə qədər bu insanların sağlamlığı ilə bağlı problemlərin gizli saxlandığını deyən M. Həsənovun sözlərinə görə, Çernobıl əlillərinə qayğı 1993-cü ildən sonra başlayıb. Məhz həmin il Çernobıl əlillərinin statusu müəyyənləşib, onlara ömürlük əlillik dərəcəsi verilib: “Çernobıl əlilləri dövlətin sosial sahədə həyata keçirdiyi heç bir proqramdan kənarda qalmır. Ötən il Çernobıl əlillərinə 48 mənzil verilib, bu il də mənzil alan əlillər sırasında bir neçə Çernobıl əlili olacaq. Çernobıl əlilləri ölkə prezidentinin fərdi təqaüdünü alan müharibə əlilləri kateqoriyasına daxil edilib. Hazırda birinci qrup Çernobıl əlilləri prezident tərəfindən 90 manat, ikinci qrup əlillər 70 manat, üçüncü qrup əlillər isə 50 manat fərdi təqaüd alır”. M. Həsənov bildirib ki, Çernobıl faciəsinin odu sönsə də, tüstüsü hələ davam edir. Son illər Azərbaycanda 2000 nəfərdən çox Çernobıl əlili dünyasını dəyişib.

ƏƏSMN-in Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov isə bildirib ki, hazırda ölkədə 12 ədəd əlillərin sosial reabilitasiya mərkəzi və 2 müalicə pansionatı fəaliyyət göstərir. 2009-2013-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əlillərin mənzil təminatının daha da yaxşılaşdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR