Əfqanıstanda ötən il 7,5 ton narkotik maddə istehsal olunub

Əfqanıstanda ötən il 7,5 ton narkotik maddə istehsal olunub
# 21 aprel 2009 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. 2008-ci ildə Əfqanıstanda 7,5 ton narkotik maddə istehsal olunub. APA-nın məlumatına görə, bunu İslam Konfransı Təşkilatı (İKT) ölkələri hüquq-mühafizə orqanları rəhbərlərinin Bakı konfransı çərçivəsində keçirilən “Silah satışı, narkotik və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizənin müzakirəsi” mövzusunda sessiyada BMT-nin cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi nümayəndəsi Ceyms Kalaxan deyib. O, Əfqanıstanda narkotik vasitələrin istehsalının və ixracının qarşısının alınması üçün İKT-yə üzv ölkələrin bu dövlətə kömək göstərməsinə ehtiyac olduğunu bildirib: “Bizim hesablamalarımıza görə, ötən il Əfqanıstanda istehsal olunan narkotik maddələrin miqdarı həmin il üçün dünyadakı tələbatdan çox olub. İslam Konfransı Təşkilatı ölkələri Əfqanıstanda demokratik sistemin möhkəmlənməsi üçün müəyyən fəaliyyətlər göstərməlidirlər. Belə olduğu halda biz regionda narkomaniyanın yayılmasının qarşısını ala bilərik”. O, cinayətkar qrupların maliyyələşməsinin qarşısının alınması məqsədilə Dünya Bankı ilə vahid proqram üzərində iş aparıldığını da söyləyib.

Sessiya İKT ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərlərinin mövzuya dair çıxışları ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR