“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq
# 21 aprel 2009 15:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının sonunadək birinci oxunuşda müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, layihənin ilk oxunuşda qəbul ediləcəyinə ümid edən Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, layihədəki mübahisəli məqamlar üzərində yenidən işlənilib: “Orada ən çox səslənən suallardan biri bir şəxsin neçə dəfə donor ola bilməsi ilə bağlı idi. Biz bunu aradan qaldırdıq. Bir ailə-bir donor prinsipini layihədə əsas götürdük. Surroqat ana da layihədə çox ciddi məsələ kimi dururdu. Biz çox götür-qoy etdikdən sonra surroqat ana ilə bağlı məsələni layihədən çıxardıq. Bu maddə ümumiyyətlə, layihədə olmayacaq”. M. Quliyev deyib ki, sadalanan məsələlərdən başqa mübahisəli məqamlar qalmayıb. Sadəcə, informasiyasız olduğundan bəzi millət vəkilləri heç bir arqument gətirmədən bu layihənin əleyhinə çıxış edirlər: “Biz də onları başa salaraq bildirdik ki, bunlar iki şəxsin arasında olan məsələdir. İstəyərlər körpəni süni mayalanma yolu ilə dünyaya gətirərlər, istəyərlər abort edərlər. Bu, mentalitetə və dinə dəxli olmayan məsələlərdir”. M. Quliyevin sözlərinə görə, bəzi deputatlar süni mayalanmanın islam əxlaqına zidd hal kimi qiymətləndirirlər. Amma millət vəkili hesab edir ki, Azərbaycan əhalisinin heç də hamısı müsəlman olmadığı və islam adət-ənənələrinə dərindən bağlı olmadığı üçün bu məsələ hər kəsin şəxsi seçimidir. Ona görə də əhaliyə bu seçim hüququnu vermək lazımdır: “Azərbaycanda din dövlətdən ayrıdır. Din heç kəsə qadağan edə bilməz ki, sən içki içmə, sən rüşvət alma, sən oğurluq etmə, pis işlərlə məşğul olma. Din bunu yalnız tövsiyə edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR