Bu il ilk 2 ayında Azərbaycanda 1200 işçi ixtisara düşüb

Bu il ilk 2 ayında Azərbaycanda 1200 işçi ixtisara düşüb
# 21 aprel 2009 16:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “İqtisadi böhranının Azərbaycanın əmək bazarına təsiri hələ hiss edilmir”. Bunu APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əmək bazarında ciddi fərq müşahidə edilməyib: “Ümumiyyətlə, ötən illə müqayisədə bu il işəgötürmədə, məşğulluq orqanlarına müraciətdə ciddi fərqlər qeydə alınmayıb. İşsizlik güclü olsaydı, 1990-cı illərdə olduğu kimi bir ildə məşğulluq orqanlarında 200-300 min nəfər qeydiyyata düşərdi. Bu ilin üç ayı ərzində isə məşğulluq orqanlarında 9 mindən çox iş axtaran qeydiyyata düşüb. Ötən il isə bu göstərici 10 min idi. Ötən il yanvar-mart ayları ərzində Azərbaycanda 10-11 min vakant iş yeri vardısa, bu il onların sayı 9-10 min olub. İqtisadi böhran nə vakant iş yerlərinin sayında, nə işə götürmədə, nə də məşğulluq orqanlarına müraciətdə hiss olunur”.

Ş. Xələfov deyib ki, bu il ərzində məşğulluq xidməti orqanlarına 60 minə yaxın şəxsin müraciət edəcəyi gözlənilir. Ötən ildən fərqli olaraq, cari ildə ölkədəki işsizlərin sayının daha çox - 8-9 min nəfərə çatacağını proqnozlaşdırılır: “Proqnoz göstəriciləri mövcud vəziyyətlə əlaqədar bir qədər yüksək götürülüb. Ötən ilin ilk rübü ilə müqayisədə bu ilin yanvar-mart ayları ərzində işə düzələnlərin və məşğulluq orqanlarına müraciət edənlərin sayı bir qədər azalıb. Amma işsizliyinin səviyyəsi Türkiyə, İspaniya və digər ölkələrdəki kimi kəskin artmayıb”.

Ş. Xələfovun sözlərinə görə, bu ilin 2 ayı ərzində Azərbaycanda 1200 nəfər ixtisara düşüb. Bunu o qədər də böyük göstərici saymayan rəis müavini bu ixtisarların böhranla bağlı olmadığını da söyləyib: “İxtisar ötən il də bu səviyyədə idi. Bu ixtisarlar həmişə olub. Bir iş yeri bağlanır, digəri yaranır. Ötən il Azərbaycanda ümumilikdə 3 min nəfərdən çox şəxs ixtisar edilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR