Ceyms Kalaxan: “Bakıda Qara dəniz və Xəzər vasitəsilə trafikinq probleminə həsr olunmuş qapalı konfrans keçiriləcək” - MÜSAHİBƏ

Ceyms Kalaxan: “Bakıda Qara dəniz və Xəzər vasitəsilə trafikinq probleminə həsr olunmuş qapalı konfrans keçiriləcək” - <font color=red>MÜSAHİBƏ</font>
# 22 aprel 2009 11:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi nümayəndəsi Ceyms Kalaxanın APA-ya müsahibəsi

- İslam Konfransı Təşkilatı ölkələri hüquq-mühafizə orqanları rəhbərlərinin Bakı konfransını necə qiymətləndirirsiniz?

- Bu konfransın keçirilməsi onu göstərir ki, İKT ölkələri mövcud problemləri görürlər və bu problemlərlə birlikdə mübarizə aparmağın vacibliyini dərk edirlər.

- Cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində yeni layihələr haqqında məlumat verə bilərsinizmi?

- Bizim müəyyən təkliflərimiz var və onlardan bəziləri Azərbaycana da aiddir. Məsələn, “Rainbow strategy” Əfqanıstan, İran və Pakistanla sərhədlərə nəzarət edilməsi üzrə qarşılıqlı fəaliyyəti nəzərdə tutur. Bizim ofislərimiz, xüsusən də Tehrandakı nümayəndəliyimiz birgə əməliyyatların keçirilməsi üçün planların tərtib olunması ilə məşğuldur. Fəaliyyətimizin digər aspekti isə Mərkəzi Asiya – Əfqanıstan istiqamətinə yönəlib. Almatıda yaradılmış koordinasiya mərkəzi vasitəsilə informasiya toplanması və mübadiləsi həyata keçirilir. Azərbaycan da bu mərkəzin üzvüdür. Mərkəzdəki zabitlər üzv ölkələrdən məlumat toplayır, beynəlxalq narkotik tacirlərinə qarşı birgə əməliyyatların keçirilməsi üçün informasiya mübadiləsi edirlər. Bundan sonra informasiyalar sərhədlərdəki mobil qruplara ötürülür.

Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyəti üçün “Xəzər təşəbbüsü” deyilən təşəbbüs də irəli sürülüb. Bu təşəbbüs narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirləri ehtiva edir. Ümid edirəm ki, təşəbbüs çərçivəsində ilk addımımız Aşqabadda koordinasiya mərkəzinin qurulması olacaq. Bu mərkəz digər Xəzəryanı ölkələrlə əlaqəli çalışacaq. Proqramın digər aspekti Türkmənbaşı limanında konteynerlərə nəzarət işinin qurulmasıdır. Bu proqram gəmilərdə konteynerlər vasitəsilə qanunsuz silah və narkotik daşınması hallarının aşkara çıxarılmasına kömək edəcək. Əvvəlcə bu proqramı Türkmənbaşı limanında həyata keçirməyi planlaşdırırıq, sonradan isə Azərbaycanda da reallaşdırılacaq.

- Proqramın Azərbaycanla bağlı mərhələsinin həyata keçirilməsinə nə vaxt başlanacaq?

- Proqramın bu mərhələsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Ona görə də hər şey Avropa Komissiyasından asılıdır. Proqramın reallaşdırılmasına gələn ilin əvvəlində başlanması mümkündür.

- Narkotiklərin qanunsuz dövriyyəsi problemi ilə yanaşı, insan alveri də önəmli problemdir. Bu istiqamətdə də çalışırsınızmı?

- Bizim təşkilatımız miqrasiya xidmətləri ilə birlikdə insan alverinin qurbanları ilə işləyir. Cinayətkarlığın bu növünə dair treninqlərin keçirilməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik. Özbəkistanda bu cür layihə həyata keçirilir və Qırğızıstanda da həyata keçiriləcək. Əlbəttə, biz bu sahədə Azərbaycan hökuməti ilə də əməkdaşlıq etmək istərdik.

- Azərbaycanla bağlı hər hansı layihəniz varmı?

- Narkotik asılılığa düçar olmuş və HİV virusuna yoluxmuş insanlarla bağlı regional layihə həyata keçirilir və Azərbaycan da bu layihədə iştirak edir. Layihədə məqsəd cəmiyyətin HİV-ə yoluxmuş insanlara neqativ münasibətini dəyişmək və bu sahədə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

- Yaxın vaxtlarda Bakıda hansısa tədbirlərin keçirilməsi planlaşdırılırmı?

- Bəli, biz qapalı toplantı keçirməyi planlaşdırırıq. Almatıdakı Mərkəzi Asiya Regional İnformasiya-Koordinasiya Mərkəzi may ayında Bakıda Qara dəniz və Xəzər vasitəsilə trafikinq probleminə həsr olunmuş qapalı konfrans keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR