Azərbaycanda Xəzər sahilində yerləşən yaşayış məntəqələri şirinləşdirilmiş dəniz suyu ilə təmin olunacaq

Azərbaycanda Xəzər sahilində yerləşən yaşayış məntəqələri şirinləşdirilmiş dəniz suyu ilə təmin olunacaq
# 23 iyul 2009 09:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Xəzər dənizi sahilində yerləşən və su mənbəyi olmayan yaşayış məntəqələri şirinləşdirilmiş dəniz suyu ilə təmin olunacaq. «APA-Economics»in məlumatına görə, bunu cari ilin ilk 6 ayının yekunlarına dair hökumətin müşavirəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazirin sözlərinə görə, əhalinin dəniz suyunun şirinləşdirilməsi hesabına təmiz su ilə təmin edilməsi, o cümlədən təsərrüfat məqsədləri üçün istifadə olunması üzrə pilot layihə hazırlanır: “Bu, bizə Xəzər dənizinin imkanlarından istifadə edərək, ölkəni gələcəkdə su qıtlığı ilə bağlı təhlükələrdən səmərəli surətdə mühafizə etmək imkanları verəcək”.

H. Bağırov bildirib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Nəticədə 224 min nəfər əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Bu qurğulardan 36-sı 2009-cu ilin birinci yarısında istifadəyə verilib. Cari ildə ayrılmış 12 mln. manat vəsait hesabına hazırda 17 rayonun 63 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri gedir.

Nazir onu da əlavə edib ki, 2009-cu il ərzində Abşeron yarımadasında “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin daha 6 stansiyası istifadəyə verilib. Bununla da Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı və Novxanıya qədər sahilboyu ərazilərdə modul tipli təmizləyici qurğular quraşdırılmış stansiyaların sayı 16-ya çatdırılıb. Bunun nəticəsi olaraq, Pirallahıdan Novxanıyadək 86 km məsafədə dənizin suyu son 20-25 ildə ilk dəfədir ki, tamamilə təmiz qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR