TQDK-da I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplamış abituriyentlərlə görüş keçirilib

TQDK-da I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplamış abituriyentlərlə görüş keçirilib
# 18 avqust 2009 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 600-dən yüksək bal toplamış gənclərlə görüşlər keçirilir. Komissiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ilk olaraq 2009-cu il avqustun 18-də I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərmiş gənclərlə görüş baş tutub. Görüşdə TQDK-nın sədr müavini Namiq Babayev gəncləri əldə etdikləri böyük nailiyyət münasibəti ilə təbrik edib. N. Babayev gənclərin öz biliklərini daha da artırmaları üçün ciddi səylə çalışmalarının, müasir dövrün tələblərinə uyğun mütəxəssis kimi yetişmələrinin vacibliyini qeyd edib.

Qeyd edək ki, I ixtisas qrupuna riyaziyyat, fizika, mühəndislik və xüsusi qabiliyyət tələb edən memarlıq və dizayn ixtisasları daxildir. Bu qrup üzrə cari tədris ilində qəbul imtahanında 33932 abituriyent iştirak edib, onlardan 156 nəfəri 600-dən yuxarı bal toplayıb. Onların 66 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına, 64 nəfər Bakı Dövlət Universitetinə, 20 nəfər Qafqaz Universitetinə, 2 nəfər Gəncə Dövlət Universitetinə, 1 nəfər Milli Aviasiya Akademiyasına, 1 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Memarlıq və İnşaat Universitetinə, 1 nəfər Xəzər Universitetinə qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR