Təhsil naziri Misir Mərdanov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Təhsil naziri Misir Mərdanov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
# 20 avqust 2009 10:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Təhsil naziri Misir Mərdanov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə çıxış edən M. Mərdanov bildirib ki, ölkə prezidentinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq 2007-ci ildə 74, 2008-ci ildə 120, 2009-cu ildə isə 250 tələbə xarici ölkələrə təhsil almaq üçün göndərilib. Nazir bildirib ki, 20-dən artıq ölkələrin tanınmış ali məktəblərində təhsil alırlar. Xaricdə təhsil alan tələbələrin maliyyə xərclərinin Dövlət Neft Fondunun hesabına ödənildiyini deyən M. Mərdanovun sözlərinə görə, 2015-ci ilə kimi 5000-ə qədər azərbaycanlı tələbənin xaricdə təhsil alması nəzərdə tutulub: “Azərbaycan hökumətinin təsdiq etdiyi siyahı üzrə xaricə tələbə göndəririk. O siyahıda dünyanın ən yüksək reytinqli ali məktəbləri, o cümlədən Kembric, Oksford, Harvard, Kolumbiya universitetləri var”. Nazir tələbələrə uğurlar arzulayıb və onların bütün təhsil problemlərinin dövlət hesabına həll olunacağını qeyd edib.

Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, yazıçı Çingiz Abdullayev, Dövlət Neft Fondunun icrası direktoru Şahmar Mövsümov, Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov, xarici işlər nazirinin müavini Vaqif Sadıxov və digərləri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR