Gələn ay Azərbaycanla Cənubi Koreya arasında anlaşma memorandumu imzalanacaq

Gələn ay Azərbaycanla Cənubi Koreya arasında anlaşma memorandumu imzalanacaq
# 20 noyabr 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayı ərzində Azərbaycanla Cənubi Koreya arasında Bakının çirkli sularının təkrar istifadəsinə dair anlaşma memorandumu imzalanacaq.

«APA-Economics»in məlumatına görə, bunu Cənubi Koreyanın ətraf mühit nazirinin müavini Honq Cun Sok (Hong Joon Seok) bildirib.

Onun sözlərinə görə, Bakının çirkli sularının təkrar istifadəsi ilə bağlı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla müzakirələr aparılıb və memorandumun imzalanmasına dair qərar qəbul edilib: «Ümumiyyətlə, azərbaycanlı ekspertlərlə koreyalı ekspertlər arasında 20-dən çox ekoloji layihə müzakirə edilib. Onların sırasından növbəti il həyata keçiriləcək layihə Bakının çirkli sularının təkrar istifadəsi layihəsi olacaq. Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edib».

H.C.Sokun sözlərinə görə, bu pilot layihə həyata keçirilərsə, Abşeron yarımadasındakı səhralaşmış torpaqlar münbit və yaşıllaşdırılmış torpaqlara çevriləcək.

Qeyd edək ki, bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətləri Nazirliyi ilə Cənubi Koreyanın Ətraf Mühit Nazirliyi arasında görüş keçirilib. Bu görüşün nəticəsi olaraq protokol da imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR