Mahmud Kərimov: “Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər ciddi müzakirə olunacaq”

Mahmud Kərimov: “Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər ciddi müzakirə olunacaq”
# 23 noyabr 2009 13:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Noyabrın 21-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirədə səslənən fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ciddi müzakirə ediləcək”. Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, bu sahədə dönüş yaranması üçün AMEA-da xüsusi proqram tərtib ediləcək və müşavirədə qeyd olunan çatışmazlıqları, nöqsanları aradan qaldırmaq üçün təkliflər hazırlanacaq.

M. Kərimov humanitar və ictimai elmlər sahəsində problemlərlə yanaşı, uğurların da az olmadığını söyləyib: “Son illər Qarabağla bağlı nə qədər sanballı əsər yazılıb. Azərbaycan tarixi, Azərbaycan dili tarixi, fəlsəfə tarixi haqda sanballı əsərlər çap olunub. Elmin İnkişafı Fondu tam fəaliyyətə başlasa, bu sahədə araşdırmaları daha da intensivləşdirə bilərik”.

Qeyd edək ki, sözügedən müşavirədə Prezident Administrasiyasının rəhbəri bildirib ki, Milli Elmlər Akademiyasında və ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət qədər elmlər doktoru və elmlər namizədi hazırlansa da, həmin potensial zəruri tədqiqatların aparılmasından uzaqdır: “Elmə gələn bəzi insanların əksər hallarda şəxsi keyfiyyətləri, təhlil qabiliyyətləri dünya standartlarından çox-çox uzaq olur. Beynəlxalq tərkibli elmi şuralar yoxdur. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına və müdafiəsinə, elmdən uzaq adamlara elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qisminin sanballı elmi tutumu və yeni elmi ümumiləşdirmələri yoxdur. Çox təəssüf ki, belə faktlar var və onların sayı azalmır, əksinə, artır”.

Prezident Administrasiyasının rəhbəri müşavirədə konkret təkliflər də səsləndirib. Təkliflərə əsasən AMEA-nın hər institutu və ali məktəblərin müvafiq qurumları ictimai və humanitar elmlərlə bağlı öz inkişaf konsepsiyasını və fəaliyyət proqramını altı ay ərzində hazırlayıb Elmin İnkişafı Fonduna təqdim etməli, AMEA 2010-2015-ci illərdə həyata keçiriləcək tədqiqatların ümummilli proqramını hazırlamalı, gənc tədqiqatçılar üçün kiçik həcmli qrantlar sistemi tərtib olunmalı, gənclərin elmə cəlb edilməsinə dair konkret təkliflər işlənib hazırlanmalı, Dağlıq Qarabağ problemi barədə konseptual materiallar ortaya qoyulmalı, tədqiqatların və monoqrafiyaların çapı üçün xüsusi qrantlar ayrılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR