350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 23 noyabr 2009 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakı şəhərinin Nizami rayonunda «Qrand market»də, «Emil market»də, «Xəyal market»də, «Zirvə market»də, «Palmali market»də, «Şirin market»də, «Aydan market»də, «Nazlı market»də, Nərimanov rayonunda «Şirin market»də, «Nailə market»də, «Şəkililər market»də, Mahir Hümmətova məxsus ərzaq mağazasında, Sumqayıt şəhərində Rasim Talıbova məxsus ərzaq malları mağazasında, Gəncə şəhərində «Ağa market»də, «Super Bağman Market»də, Güləfruz Cabbarovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 631 fiziki şəxsə 943,3 min manat cərimə tətbiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR