Şuşa rayonu Malıbəyli kənd teatrının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib

Şuşa rayonu Malıbəyli kənd teatrının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib
# 15 dekabr 2009 12:14 (UTC +04:00)
Bakı - APA. Şuşa rayonu Malıbəyli kənd teatrının yaranmasından 100 il ötür. APA-nın məlumatına görə, bu münasibətlə dekabrın 15-də Sabunçu rayonu, Ramana-450 qəsəbəsi Malıbəyli kənd 1 saylı orta məktəbində yubiley mərasimi keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Günəş Hüseynova teatrın ilk tamaşanı - Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar” vodevilini 1909-cu il noyabrın 7-də səhnəyə qoyduğunu bildirib: “O vaxtlar Malıbəylidə müəllimlik edən Məmməd Qarayevin rəhbərliyi ilə kənd ziyalıları müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirirdilər. Məktəbdə təşkil olunmuş ilk teatr tamaşası da onun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. İlk teatr tamaşası o vaxt Novo-Çerkassk Politexnik İnstitutunda təhsil alan, maddi cəhətdən çox kasıb olan və məktəbdən qovulmaq təhlükəsi ilə üzləşən Mirhəsən Vəzirovun xeyrinə təşkil olunub. Məktəb binasının böyük zalında göstərilən tamaşada Məmməd Qarayev baş rolda, müəllimlərdən Mirmehdi Ağamirzadə, Bəylər İbrahimbəyov, Mirzə Hüseyn Varşabov və başqaları müxtəlif rollarda çıxış ediblər. Tamaşa uğurlu keçib və o vaxtın pulu ilə toplanan 50 manat Mirhəsən Vəzirova göndərilib. Sonralar Mirhəsən Vəzirov qəzet vasitəsilə malıbəylilərə minnətdarlığını bildirmişdi”.

G. Hüseynova ilk tamaşadan sonra teatr həvəskarlarının getdikcə artdığını deyib: “Teatr get-gedə kəndin məişətinə daxil olurdu. Tamaşalar məktəbdə, məscidin həyətində göstərilirdi. Məmməd Qarayev tamaşalara quruluş və ssenari verirdi. O, fasilələrdə xalq oyunlarından, məktəb şagirdlərindən ibarət xordan istifadə edərək xalq musiqisinin inkişafına da diqqət ayırırdı. Dövrünün tanınmış xanəndələri olan Malıbəyli Həmid, Malıbəyli Cümşüd, Malıbəyli Əsgər də teatra dəvət olunurdular. Repertuara isə əsasən ailə və məişət məsələlərindən bəhs edən, əxlaqi və tərbiyəvi əhəmiyyətli, asan başa düşülən kiçik formalı və məzmunlu əsərlər, satirik xarakter daşıyan səhnəciklər daxil edilirdi. “Evlənmək su içmək deyil”, “Dursunəli və Ballıbadı”, “Qırt-qırt”, “Daşım-daşım”, “Molla Cəbi”, “Xor-xor”, “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq yağmura düşdük” kimi əsərlər Malıbəyli teatrının repertuarında yer alıb. Əldə olunan gəlir isə maarif işlərinə, yoxsul şagirdlərə, Qori Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı tələbələrə sərf olunurdu”.

G. Hüseynova inqilabdan əvvəl Azərbaycanda teatr tamaşaları göstərilən yeganə kəndin Malıbəyli olduğunu, teatrı inqilabdan sonra da fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. Teatrın ötən əsrin 60-cı illərində çiçəklənmə dövrünü yaşadığını qeyd edən G. Hüseynova həmin vaxt repertuara salınmış Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasının çox böyük maraqla qarşılandığını bildirib. O, Malıbəyli teatrının öz ənənəsini XXI əsrdə də yaşatdığını deyib, Malıbəyli kənd 1 saylı orta məktəbində dram dərnəyinin fəaliyyət göstərməsini bunun ən gözəl nümunəsi adlandırıb.

Sonra dram dərnəyinin ifasında musiqi və şeir parçaları, habelə müxtəlif tamaşalardan səhnəciklər nümayiş etdirilib.

Yubiley tədbirində Şuşa rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsinin rəsmi şəxsləri, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, digər rayon rəsmiləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR