Azərbaycanda məşğul əhalinin sayı dekabrın 1-nə 3 965,7 min nəfər olub

Azərbaycanda məşğul əhalinin sayı dekabrın 1-nə 3 965,7 min nəfər olub
# 26 dekabr 2006 10:34 (UTC +04:00)
Azərbaycanda məşğul əhalinin sayı bu ilin dekabr ayının 1-i vəziyyətinə 3 965,7 min nəfər olub və bunun 33,4%-i muzdla işləyənlərin payına düşüb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin 20,7%-i maddi istehsal sahəsində çalışıb, onlardan 13%-i sənayedə, 4,6%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olublar. Qeyri-istehsal sahəsində çalışanların 25,8%-i təhsildə, 19,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində, 10,4%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 6,9%-i nəqliyyat, anbar təsərrüfatı və rabitədə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsində 4,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 4%-i dövlət idarəetmə və müdafiə sahəsində cəmlənib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında müəssisə və təşkilatlarda tutulan iş yerlərinin ümumi sayında kənar əvəzçilərin sayı 0,7% və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən şəxslərin sayı 1,4% təşkil edib. Əvəzçilərin və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləyənlərin əksəriyyəti tikinti (23,5%), təhsil (16,5%), daşınmaz əmlakla əlaqədar əməliyyatlar icarə və istehlakçılara xidmət göstərməsi sahəsində (10,7%), nəqliyyat, anbar təsərrüfatı və rabitədə (10,7%) qeydə alınıb.
Komitədən bildirilib ki, dekabrın 1-nə məşğulluq mərkəzləri tərəfindən işsiz statusu verilən şəxslərin sayı 54 146 nəfər olub, onların da 51,2%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR