Gəncə çayının sahilboyu ərazisində yenidənqurma işlərinə ilin ikinci yarısında başlanacaq

Gəncə çayının sahilboyu ərazisində yenidənqurma işlərinə ilin ikinci yarısında başlanacaq
# 12 mart 2007 11:16 (UTC +04:00)
“Gəncə çayının sahilboyu ərazisinin və məcrasının yenidən qurulması layihəsi üzərində iş davam edir. Bu iş üçün 200 min manat vəsait ayrılıb”. Bu açıqlamanı APA-nın Qərb bürosuna Gəncə şəhər icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlham Əliyev verib. O, Gəncə çayının sahilboyu ərazilərinin və məcrasının yenidən qurulmasının regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında öz əksini tapdığını bildirib. İlham Əliyev yenidənqurma işlərinə ilin ikinci yarısında başlanacağını vurğulayıb. Yenidənqurma işləri ilə əlaqədar Gəncə çayının hər iki sahilində yerləşən ticarət obyektlərinin sökülməsi nəzərdə tutulur. Qeyd edək ki, Gəncə çayının sahilboyu məcrasının yenidən qurulması layihəsinə çayın şəhər ərazisindən keçən 4 kilometrlik hər iki sahili boyunca ümumilikdə 8 kilometr uzunluğunda dəmir-beton istinad divarlarının çəkilməsi daxildir. Bundan başqa çayın üzərində olan 5 körpünün əsaslı şəkildə bərpası, hər iki sahil boyunca müasir layihələrə uyğun səhər salma qaydaları əsasında abadlıq işlərinin aparılması, yeni parkları, əyləncə və istirahət mərkəzlərinin salınması, abidə və heykəllərin ucaldılması, çayın vadisində yeni artezian quyularının qazılması vasitəsi ilə Gəncə çayında şəlalə kaskad komplekslərinin yaradılması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR