Sumqayıtla İtaliya şəhərləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Sumqayıtla İtaliya şəhərləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir
# 24 aprel 2007 09:17 (UTC +04:00)
“Sumqayıtla İtaliyanın Bari və Genuya şəhərləri arasında tərəfdaşlıq əlaqələri inkişaf etdirilməlidir”. Bunu Sumqayıta gedən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Canluici Maşa şəhər İcra Hakimiyyətində keçirilən görüşdə deyib. Sumqayıt İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, şəhər İH başçısı Vaqif Əliyevin dəvəti ilə Sumqayıtda olan səfir və xanımı Marinella Maşa şəhərlə tanış olublar, Sumqayıt Dövlət Rəsm Qalereyasına, “Kimyaçı” Mədəniyyət Sarayına baş çəkiblər. Diplomat “Bismak” MMC müəssisəsində şirkət rəhbərliyi ilə işgüzar danışıqlar aparıb. İH başçısı ilə keçirilən görüşdə İtaliya və Azərbaycanın regionları arasında mədəni, iqtisadi əlaqələrin genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı mübadilələrin həyata keçirilməsi üzrə müzakirələr aparılıb. Görüşdə Sumqayıtda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi, qarşılıqlı sərgilərin təşkil olunması, tələbələrin və incəsənət ustalarının mübadiləsinin həyata keçirilməsi kimi təkliflər səsləndirilib.
Qeyd edək ki, Sumqayıt hazırda İtaliyanın iki şəhəri ilə əməkdaşlıq edir. 2004-cü ilin may ayında Bari ilə Sumqayıt arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair niyyət protokolu imzalanıb. Genuya şəhəri ilə danışıqlar isə 2006-cı ilin yayında başlanıb, artıq tərəflər arasında saziş layihəsi razılaşdırılıb və bu il imzalanması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR