Tərtərdə ilk işıqforlar quraşdırılıb

Tərtərdə ilk işıqforlar quraşdırılıb
# 11 oktyabr 2007 07:58 (UTC +04:00)
Tərtər şəhərində ilk işıqforlar quraşdırılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, indən belə şəhərin 7 nöqtəsində üçrəngli işıqlar yolçulara bələdçilik edəcək. Bu cür qurğuların yoxluğu həmişə nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirib. Yol-nəqliyyat hadisələrinin əksəriyyəti isə sürücülərlə piyadalar arasında anlaşılmazlıq yaranmasından baş verib.
1934-cü ildən rayon mərkəzi statusu daşıyan Tərtər şəhərində indiyədək bircə işıqfor da olmayıb. İşıqlı yolgöstərənlərin yoxluğu illər uzunu xoşagəlməz hadisələrlə nəticələnib. Xüsusilə mərkəzi küçələrdə, yaxınlığında təhsil müəssisələri yerləşən hərəkət zolaqlarında avtomaşınlar məktəblilərin həyatı üçün təhlükəli olub.
6 saylı Tərtər şəhər orta məktəbinin müəllimi Əfqan Vəliyev APA-nın Qarabağ bürosuna açıqlamasında deyib ki, 32 ildir fəaliyyət göstərən məktəbin yolunun çıxacağında işıqfor olmayıb: “Elə ona görə də şagirdlərin təhlükəsizliyi müəllimləri ciddi narahat edirdi. Dəcəl uşaqlar nadinclik edəndə vəziyyət daha da ağırlaşırdı. Amma işıqfor qurulandan sonra bizim işimiz yüngülləşib. Uşaqlara bu haqda məlumat verilib. Müəllimlər və yol patrul xidmətinin əməkdaşları tərəfindən şagirdlərə işıqforda keçid qaydaları uşaqlara öyrədilib”.
Tərtər Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Məhərrəm Hüseynov isə APA-ya bildirib ki, əhalinin, maşınların çoxalmasını nəzərə alaraq, şəhərdə işıqfor quraşdırılması xahişi ilə daxili işlər nazirinə müraciət edib. Qısa müddətdən sonra müraciətə müsbət cavab verilib. İşıqforlar əhalinin çox olduğu, maşınların intensif hərəkət elədiyi yerlərdə quraşdırılıb. Amma işıqforların quraşdırılması yollarda hərəkəti tam tənzimlənməyə bilmir. Küçələrdə, keçidlərdə yol hərəkət nişanlarının olmaması da əlavə problemlərin yaranmasına gətirib çıxarır”. M. Hüseynovun sözlərinə görə, rayona artıq yol hərəkət nişanları da gətirilib. Həmin nişanlar hər bir işıqforun yaxınlığında və tələbat olan yerlərdə quraşdırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR