Bakıda Sevil Əliyeva və Xose Karrerasın iştirakı ilə “Chopard” zərgərlik mağazasının açılışı olub

Bakıda Sevil Əliyeva və Xose Karrerasın iştirakı ilə “Chopard” zərgərlik mağazasının açılışı olub
# 19 oktyabr 2007 15:58 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimində Londonda yaşayan həmyerlimiz Sevil Əliyeva, dünyaşöhrətli tenor Xose Karreras, “Chopard”ın prezidenti Karl Şoyfele, “Chopard”ın vitse-prezidenti Karin Şoyfele, “İtaldizayn” Şirkətlər Qrupunun prezidenti Elçin Zeynalov iştirak edib. “Chopard” zərgərlik mağazası 28 may, 5 ünvanında yerləşir. “Chopard”ın prezidenti K. Şoyfelenin sözlərinə görə, bu “Chopard”ın dünyada 99-cu, Azərbaycanda isə ilk dükanıdır. Açılış mərasimindən sonra isə tenor Xose Karrerasın sabah Azərbaycan Dövlət Opera və Balet Teatrında verəcəyi konsertə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən tenor Azərbaycanda olmasından böyük qürur hissi keçirdiyini və belə isti qarşılandığı üçün olduqca xoşbəxt olduğunu vurğulayıb: “Mən Bakıya dünən gəlmişəm. Bu gün isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə tanış oldum. Sizin çox gözəl teatrınız var və mən həmin səhnədə çıxış etməkdən məmnunam. Konsertdə XVIII, XIX, XX əsrlərə aid musiqiləri səsləndirəcəyəm”. X. Karreras onu da deyib ki, Bakıya səfəri oktyabrın 22-nə kimi davam edəcək və o, səfər çərçivəsində Bakı ilə tanış olacaq: “Bu mənim Bakıda ilk konsertim olacaq. Səfərimin əsas məqsədlərindən biri “Chopard”ın Bakıdakı mağazasının açılışında iştirak etmək olub. Əminəm ki, siz bu markanı tanıyırsınız, çünki bu adın sanballı nüfuzu bütün dünyaya bəllidir. Çox şadam ki, bu gün Şoyfele ailəsinin simasında “Chopard” mənim yaxın dostlarımın sırasındadır”. Dünyanın bir çox səhnələrində çıxış etdiyini vurğulayan tenor hazırda solist kimi fəaliyyət göstərdiyini deyib: “Ancaq planımda yaxın zamanlarda Opera Teatrında rollar canlandırmaq da var. Bakıya gəlmək üçün 24 saat yol gəlmişəm. Ancaq burada isti qarşılanmam mənə hər şeyi unutdurdu. Bakı çox gözəl şəhərdir”. Mətbuat konfransında iştirak edən Sevil Əliyeva Şoyfele ailəsi ilə 10 ildən artıqdır dostluq etdiyini deyib: “Bu ailə ilə 10 ildən artıqdır dostluq edirəm. Bakıda bu butikin açılması məni çox sevindirdi. Belə bir gündə dostlarımın yanında olmaq mənim üçün böyük zövq və şərəfdir. Mən ümumiyyətlə zinət əşyaları sevmirəm. Ancaq “Chopard”ın zərgərlik əşyaları bütün dünyada məşhurdur və ekskülzivliyi ilə seçilir. Karin Şoyfele mənə dedi ki, sən “Chopard”ın xaç anasısan”. Azərbaycanda isti qarşılanmasından məmnunluq keçirdiyini deyən S. Əliyeva, Xose Karrerasın Bakıya səfərini yüksək qiymətləndirib. Tədbirdə çıxış edən “Chopard”ın prezidenti Karl Şoyfele bu markanın tez bir zamanda Azərbaycanda böyük alıcı kütləsi toplayacağına inandığını vurğualyıb. O, Sevil Əliyevanın və Xose Karrerasın onların sevincinə şərik olduqları üçün minnətdarlığını bildirib. K.Şoyfel “Chopard”da Karreras adına saat hazırlandığını və bu saatdan əldə olunan gəlirin Xose Karrerasın rəhbərlik etdiyi Müdafiə Fonduna körüləcəyini deyib. “Chopard”ın vitse-prezidneti Karin Şoyfele da Sevil Əliyevaya bu gündə onlara dəstək olduğu üçün təşəkkürünü bildirib: “Sevil Əliyeva “Chopard”ın Azərbaycan siması da ola bilər. Bəlkə də bu, olacaq. Çox sevinirəm ki, Bakıda da mağazamız açıldı və eksklüziv zərgərlik əşyaları sizin də ixtiyarınıza verildi. Əminəm ki, “Chopard” sizin diqqətinizdən kənarda qalmayacaq”. Qeyd edək ki, oktyabrın 20-də Xose Karreras Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki hissəli konsert verəcək. Konsert zamanı “Chopard”ın zərgərlik əşyalarının nümayişi də təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR