Zaqatalanın Muxax kənd sakinləri içməli su üzünə həsrət qalıb

Zaqatalanın Muxax kənd sakinləri içməli su üzünə həsrət qalıb
# 01 noyabr 2007 09:10 (UTC +04:00)
Zaqatalanın Muxax kənd sakinləri 1 ildir ki, içməli su üzünə həsrət qalıb. Kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, kənddə içməli su təchizatında yaranmış problem artıq son iki ayda dözülməz həddə çatıb. Yaranmış vəziyyətlə əlaqədar dəfələrlə rayon rəhbərliyinə müraciət etdiklərini vurğulayan sakinlər problemin həlli istiqamətində iş görülmədiyini və bundan ciddi narahat olduqlarını dilə gətiriblər. Sakinlər həmçinin dəfələrlə kənd bələdiyyəsinin qarşısına toplaşaraq öz etirazlarını bildirib. Lakin yaranmış problem hələ də həll edilməmiş qalır.
Muxax kənd bələdiyyəsinin sədri Bahəddin Mikayılov APA-nın yerli bürosuna açıqlamasında kənddə içməli su qıtlığının olması faktını təsdiqləyib. O, kənd əhalisinin içməli suya olan tələbatının əsasən çay suları hesabına ödənildiyini bildirib. Muxax çayı hövzəsində sovet dönəmində quraşdırılmış su süzgəclərinin sıradan çıxdığını söyləyən bələdiyyə sədri yeni filtrlərin quraşdırılması üçün külli miqdarda vəsait tələb olunduğunu və kənd bələdiyyəsinin balansında bu qədər vəsaitin olmadığını diqqətə çatdırıb. Problemin yalnız dövlət səviyyəsində həllinin mümkün olduğunu söyləyən B. Mikayılov əlavə olaraq kənddə iki artezian quyusunun qazıldığını, lakin içməli suya olan tələbatın qismən həll edildiyini bildirib. Zaqatala Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Muxax kəndinin içməli su təchizatında yaranmış problem diqqət mərkəzindədir və problemin həlli istiqamətində iş aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR