Müəllif hüquqları sahəsində qanunvericiliyin icra mexanizmləri ilə bağlı monitorinq aparılıb

Müəllif hüquqları sahəsində qanunvericiliyin icra mexanizmləri ilə bağlı monitorinq aparılıb
# 06 noyabr 2007 10:50 (UTC +04:00)
Bu gün Professional Kinorejissorlar Gildiyası (PKG) “Müəllif hüquqları sahəsində qanunvericiliyin icra mexanizmləri” sahəsində apardığı monitorinqin nəticələrinə və audiovizual əsərlərə müəlliflik hüququ ilə bağlı yaradılmış yeni saytın təqdimatına həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə gildiyanın sədri Hüseyn Mehdiyev açaraq aparılan monitorinq zamanı xeyli pozuntu aşkarlandığını deyib: “Monitorinq bir daha göstərdi ki, audiovizual əsərlərin müəlliflik hüququ kobud şəkildə pozulur. Eyni zamanda məlum oldu ki, müəlliflərin öz hüquqları haqqında məlumatları məhduddur”. Aparılan monitorinqə rəhbərlik etmiş Aydın Kərimov isə bildirib ki, artıq hər kəs yeni bazar münasibətlərini mənimsəməlidir: “Müəlliflər öz hüquqlarını bilməlidirlər, amma onlar hüquqşünas deyil. Ona görə də müəlliflərin öz hüquqlarını qoruya bilməməsi eyib sayılmamalıdır. Amma müəllif hüquqlarını qoruyan qurumların bu sahədə heç bir iş görməməsi mənfi haldır və biz bunu tənqid etməliyik”. Yeni saytın maarifçilik məqsədilə yaradıldığını deyən Hüseyn Mehdiyev hər müəllifin sayta daxil olaraq lazımi məlumatlarla tanış ola biləcəyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR